Prezident İlham Əliyevin tələbi dövlətə və xalqa layiqli xidmət etməkdir – Xanlar Fətiyev

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev bu günlərdə Naxçıvanda Azərbaycan
Respublikası Prezidentinin yeni səlahiyyətli nümayəndəsini, Bakı
şəhəri Nəsimi, Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir
rayonlarının icra hakimiyyəti başçılarını vəzifələrinə təyin
olunmaları ilə əlaqədar qəbul edərkən mühüm tapşırıq və tövsiyyələr
verdi. Dövlətimizin başçısının əsas tapşırıqlarından biri onların
qarşıya qoyulan vəzifələri layiqincə icra etmələri ilə bağlı oldu.
Bu vəzifələrdən birincisi isə Prezident İlham Əliyevin dediyi kimi
xalqa xidmət etməkdir.

Təcrübə göstərir ki, ölkənin inkişafı və vətəndaş
məmnuniyyətinin təmin olunması müxtəlif sosial-iqtisadi amillərlə
bərabər, həm də məsul şəxslərin, dövlət məmurlarının öz
vəzifələrini uğurla yerinə yetirmələri ilə birbaşa əlaqəlidir.
Birmənalı şəkildə deyə bilərik ki, Prezident İlham Əliyevin, o
cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata
keçirdikləri fəaliyyət hər bir dövlət məmuru və vəzifəli şəxs üçün
əvəzolunmaz nümunələrdir. Bu fəaliyyətin başlıca göstəriciləri
respublikamızın inkişafına nail olunması və iqtisadi artıma paralel
olaraq vətəndaşların sosial rifahının yüksəldilməsidir.

Eyni zamanda vətəndaşları narahat edən, düşündürən məsələlərə
vaxtında və operativ reaksiya, problemlərin aradan qaldırılması
üçün təxirəsalınmaz qərarların verilməsi Prezident İlham Əliyevin
fəaliyyətinin əsas xarakterik göstəricilərindən biridir. O cümlədən
ekstremal situasiyalar zamanı cənab Prezidentin məsələyə operativ
və çevik reaksiyası ilə bağlı nümunələr gətirmək mümkündür. Bütün
bunların fonunda görünən odur ki, Prezident İlham Əliyev hər zaman
öz vətəndaşının yanındadır.

Dövlətimizin başçısı regionlara səfərləri zamanı həmişə mütləq
yerli sakinlərlə görüşür, onlarla söhbət edir. Son dərəcə
səmimiyyət fonunda keçən bu görüşlər və söhbətlər cənab Prezidentin
vətəndaşların rifahına, onların qayğılandıran məsələlərə həssas və
diqqətli münasibətini nümayiş etdirir. Prezident İlham Əliyev üçün
insan amilinin bütün məqsədlərin fövqündə dayandığı həm də belə
görüşlərdə öz təsdiqini tapır. Vətəndaşlar isə Prezident İlham
Əliyevin timsalında haqlı olaraq özlərinin ən böyük
himayədarlarını, güvənc yerlərini görür və bununla fəxr
edirlər.

Dövlətimizin başçısı məmurlardan da eyni cür fəaliyyət gözləyir
və bunu haqlı olaraq tələb edir. Cənab İlham Əliyevin Naxçıvanda
Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların
icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən dediyi
kimi rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar
olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə
aparmalıdırlar ki, ümumi işə heç bir irad tutulmasın. Lakin
təəssüflə qeyd etməliyik ki, bəzən ona həvalə olunan vəzifənin
məsuliyyətini anlamayan, göstərilmiş etimaddan sui-istifadə edən,
neqativ əməllərə yol verən məmurlara da rast gəlinir. Amma o da
faktdır ki, belə məmurlar əvvəl-axır respublikamızın qanunları
qarşısında cavab verməli olurlar. Dövlətimizin başçısı nitqində bu
məsələyə də toxundu və bir daha xəbərdarlığını edərək dedi:

“Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir
dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur
və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da
cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz
qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz
hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı,
peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik
edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu
sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər
götürüləcəkdir”.

Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri də yerlərdə
bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz
həllini tapması və burada sosial ədalət prinsipinin gözlənilməsi
ilə bağlı oldu. Dövlətimizin başçısının bildirdiyi kimi hər bir
bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki,
ədalət hər zaman üstünlük təşkil edir. Bəli, sosial ədalət olan
yerdə həm qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir,
inkişaf baş verir, həm də vətəndaş məmnuniyyəti təmin edilir.
Sosial ədalət olmayanda isə bunun əksi baş verir. Sosial ədalətin
təmin olunması isə məmurların öz vəzifələrini dürüst icra
etmələrindən, cənab Prezidentin tapşırıq və göstərişlərini vicdanla
yerinə yetirmələrindən asılıdır.

Cənab Prezidentin tapşırıqlarından biri yerlərdə yeni iş
yerlərinin yaradılması ilə bağlı oldu. Məlumdur ki, ötən dövrdə
regionlarda iqtisadi sahədə əldə olunan uğurlar, istehsal və xidmət
sahələrinin yaradılması öz növbəsində məşğulluqla bağlı
problemlərin aradan qaldırılmasında, böyük şəhərlərə miqrasiyanın
azaldılmasında xüsusi rol oynayıb. Regionlarda məşğulluğun təmin
edilməsi üçün dövlət tərəfindən indi də müxtəlif tədbirlər həyata
keçirilir. Yeni müəssisələr yaradılır, sahibkarlara güzəştli
kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir.
Əlbəttə ki, məşğulluqla bağlı məsələlərdə rayon və şəhər icra
hakimiyyəti başçılarından çox şey asılıdır. Ona görə də Prezident
İlham Əliyevin yerlərdəki rəhbərlərdən tələbi həm də onların iş
yerlərinin yaradılmasına çalışmaları, bununla bağlı iş adamlarına
şərait yaratmaları ilə bağlı oldu.

Bütövlükdə, cənab Prezidentin yerlərdəki rəhbər şəxslərdən
tələbi odur ki, onlar öz vəzifələrini məsuliyyətlə və vicdanla
yerinə yetirsinlər, daim insanların arasında olsunlar.

“İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim
onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada
– kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan
ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs
olsun, mənim təlimatlarım bundan ibarətdir” – deyə Prezident İlham
Əliyev bildirdi.

Prezident İlham Əliyevin rəhbər şəxslərdən tələbi dövlətə və
xalqa layiqli xidmət etməkdir. Son illərdə məmur korpusunda
aparılan kadr islahatlarının da əsas səbəblərindən biri bununla
bağlıdır. İnanırıq ki, məmurlar, o cümlədən icra orqanlarının
nümayəndələri cənab İlham Əliyevin qarşıya qoyduğu tələb və
vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar. Onların
fəaliyyətinin uğuru da məhz bundan asılı olacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir