
Daşkənd. Trend:
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünün
yekunları üzrə çoxtərəfli sənədlər paketi imzalanacaq.
Trend bu barədə
Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər
verir.
Qeyd edək ki, 7-ci Məşvərət Görüşü 15–16 noyabr tarixlərində
Özbəkistanın paytaxtında Prezident Şavkat Mirziyoyevin sədrliyi ilə
keçiriləcək.
Özbəkistanın Prezident Administrasiyasının məlumatına görə,
sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti
Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və Türkmənistan
Prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcəklər. Həmçinin
tədbirə BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə
Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze də qatılacaq.
Görüşün gündəliyinə regional əməkdaşlığın daha da
möhkəmləndirilməsi, prioritet sahələrdə birgə layihə və
təşəbbüslərin həyata keçirilməsi, eləcə də regional və beynəlxalq
siyasətin aktual məsələləri üzrə fikir mübadiləsi daxildir.
Xatırladaq ki, region liderlərinin müntəzəm məşvərət
görüşlərinin keçirilməsi təşəbbüsü Mirziyoyev tərəfindən 2017-ci
ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli
sürülmüşdü. Özbəkistanın bu formatda sədrlik etdiyi dövrdə
əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 20-dən çox böyük
tədbir keçirilib.

