“AzerGold” yaxın illərdə yeni mədənlərin aşkarlanmasını real perspektiv kimi qiymətləndirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” yaxın illərdə yeni mədənlərin aşkarlanmasını real
perspektiv kimi qiymətləndirir. Bunu Trend-in sorğusuna cavab olaraq “AzerGold”-dan
bildiriblər.

1. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji
kəşfiyyat işlərinin əsas istiqamətləri nədən ibarətdir və
“AzerGold” bu prosesdə hansı rolu oynayır?

“AzerGold” QSC-nin başlıca məqsədlərindən biri ölkəmizin əlvan
və qara metal filizi yataqlarının dayanıqlı idarə olunmasını və
onların effektiv şəkildə istifadəsini təmin etməkdir. Dövlət
şirkəti tərəfindən ölkəmizin mineral-xammal resurslarından
istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə
salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri
həyata keçirilir.

“AzerGold” tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas
istiqamətləri regionun yeni perspektivli mineral-xammal
potensialının müəyyənləşdirilməsi, mövcud yataqlarda ehtiyatların
yenidən qiymətləndirilməsidir.

“AzerGold” Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkəmizin digər
ərazilərini də əhatə edən filiz, qeyri-filiz yataqları və təzahür
sahələri üzrə geoloji kəşfiyyat proqramının icrasını həyata
keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, “AzerGold”un
icra etdiyi proqram Kiçik Qafqaz sıra dağlarını – Qarabağ, Şərqi
Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarının
ərazisini, eləcə də Naxçıvan Muxtar Respublikasını, ümumilikdə isə
15 409 km² sahəni əhatə edir.

Kəşfiyyat proqramının xüsusi cəhətlərindən biri tədqiqatların
müasir, innovativ və ekoloji baxımdan daha təhlükəsiz
texnologiyaların tətbiqi əsasında həyata keçirilməsidir. Axtarışlar
zamanı qeyri-invaziv axtarış metodları – hiperspektral peyk
çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsulu tətbiq edilir. Bu
üsullar perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsinə,
böyük vəsait tələb edən buruqqazma işlərinə böyük ölçüdə qənaət
edilməsinə, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq
koordinatlar daxilində aparılmasına imkan verir. Nəticə olaraq qısa
zaman ərzində yer səthinə müdaxilə etmədən geoloji məlumatlar əldə
olunur.

Sözügedən texnologiyaların tətbiqi ilə aparılan tədqiqat və
qiymətləndirmələr 2027-ci ilin sonuna qədər yekunlaşacaq. Yekunda
Kiçik Qafqaz sıra dağlarının ölkəmizə düşən hissəsi və Naxçıvan
Muxtar Respublikası üzrə kompleks axtarış-qiymətləndirmə işləri
tamamlanacaq, eləcə də mövcud geoloji xəritələri və məlumat bazası
yenilənərək, ilkin kəşfiyyat mərhələsi yekunlaşacaq.

Ölkə üzrə geoloji kompleks kəşfiyyat və tədqiqatlardan əldə
ediləcək nəticələr həm elmi, həm də iqtisadi baxımdan mühüm
əhəmiyyət daşıyır. Belə ki, nəticələr yeni perspektivli sahələrin
müəyyənləşdirilməsinə imkan verəcək. Müəyyən edilmiş sahələrdə
növbəti mərhələlər üzrə tədqiqatların davam etdirilməsi və mümkün
hasilat işlərinin həyata keçirilməsi gələcəkdə dövlət tərəfindən
müəyyən ediləcək operatorlar tərəfindən həyata keçiriləcək. Yeni
irimiqyaslı mədən layihələrinin reallaşdırılması isə dağ-mədən
sənayesinin, qeyri-neft sektorunun, ümumilikdə isə ölkə
iqtisadiyyatının inkişafına, regionun sosial rifahının yüksəlməsinə
ciddi töhfələr verəcək.

Əlavə olaraq qeyd edək ki, “AzerGold” QSC perspektivli sahələrin
axtarışı ilə yanaşı, mövcud yataqlarda ehtiyatların yenidən
qiymətləndirilməsini də həyata keçirir. 2025-ci ilin avqust ayından
etibarən Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun
inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı
geoloji tədqiqat işlərinə başlanılıb. Buna qədər ərazinin mərhələli
şəkildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam
etdiyindən geoloji tədqiqatlar prosesi ləng getsə də, hazırda
yatağın ölkəmizin ərazisindəki hissəsində geoloji qiymətləndirmə
işləri yüksək templə həyata keçirilir. Artıq yataq sahəsinin müasir
metodlarla topoqrafik planalması icra edilib. Bundan əlavə, yataq
filizlərinin yerüstü geokimyəvi sınaqlaşdırılması da aparılıb.
Əlavə olaraq, ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları
layihələndirilib və hazırda qazma işləri davam etdirilir. Bununla
yanaşı, növbəti mərhələlərdə mühəndis-geoloji,
metallurji-texnoloji, hidrogeoloji tədqiqatlar, qalıq ehtiyatların
hesablanması və texniki-iqtisadi əsaslandırma işlərinin aparılması
planlaşdırılır. Nəticələr əldə olunduqca bu barədə ictimaiyyətə
ətraflı məlumat veriləcək.

2. Yaxın zamanda yeni yataqların aşkarlanması və ya
mövcud resursların genişləndirilməsi gözlənilirmi?

Ümumilikdə, əldə olunan ilkin geoloji nəticələr həm Qarabağ və
Şərqi Zəngəzur, həm də Qazax-Tovuz, Gəncə-Daşkəsən iqtisadi
rayonlarının ərazilərinin, eləcə də Naxçıvan Muxtar Respublikasının
yüksək mineral-xammal potensialına malik olduğunu sübut edir və
yaxın illərdə yeni yataqların aşkarlanması, həmçinin mövcud
resursların artırılması real perspektiv kimi qiymətləndirilir.

3. “AzerGold” bu istiqamətdə elmi-tədqiqat institutları
və universitetlərlə hansı əməkdaşlıq formatlarını həyata
keçirir?

“AzerGold” geoloji kəşfiyyat və tədqiqat işlərinin icrası
çərçivəsində Ekologiya və təbii sərvətlər nazirliyinin aidiyyətli
qurumları, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Geologiya və Geofizika İnstitutunun, AMEA nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzi, eləcə də Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya
fakültələrinin alimləri ilə əməkdaşlıq edir.

“AzerGold” QSC Geologiya və Geofizika İnstitutu əməkdaşlığa dair
memorandum çərçivəsində institutun yüksək dərəcəli
alim-mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin
kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində
istifadə edilir. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl
yataqlarının geoloji-genetik modelləri hazırlanıb. Həmin modellər
Səhmdar Cəmiyyətinin geoloqları tərəfindən proqnozlaşdırmada geniş
istifadə edilir. Eyni zamanda qeyd etmək istərdik ki, Cəmiyyətin
dağ-mədən sənayesi üzrə yüksək ixtisaslı, elmi dərəcəyə malik
əməkdaşları gənc nəslin bu sahədə biliklərinin artırılması
məqsədilə elmi və pedaqoji fəaliyyətlə məşğul olur, müxtəlif və
geologiya sahəsində yeni kadrların hazırlanmasına öz töhfələrini
verirlər.




Gənclərin, xüsusilə regionlarda yaşayan tələbələrin dağ-mədən
sənayesinə marağının artırılması, bu sahədə təhsil alan tələbələrin
ixtisas biliklərinin dərinləşdirilməsi və geologiya elminin
inkişafına əlavə töhfələrin verilməsi istiqamətində 9 yerli təhsil
müəssisəsi ilə də əməkdaşlıq edilir.

Ümumiyyətlə ölkəmizdə sənaye və istehsalat sahələrinin elm və
təhsil müəssisələri ilə inteqrasiyasının gücləndirilməsi üçün
dövlət tərəfindən geniş imkanlar yaradılıb. Mövcud dövlət siyasəti
sənaye və elm-tədris müəssisələri arasında qarşılıqlı əməkdaşlığın
inkişafına, innovativ layihələrin reallaşdırılmasına və kadr
potensialının gücləndirilməsinə yönəlib. Məhz bunun nəticəsidir ki,
ölkəmizin aparıcı sənaye müəssisələri tərəfindən elm, təhsil və
istehsalın vəhdətinin təmin olunması məqsədilə uğurlu proqramların,
təşəbbüslər həyata keçirilməsi geniş vüsət alıb.

Dövlət şirkəti olaraq “AzerGold” QSC də bu sahədə görülən
işlərin genişləndirilməsinə xüsusi önəm verir, elmi-tədqiqat
institutları ilə əməkdaşlığın inkişafı və kadr hazırlığının
gücləndirilməsi istiqamətində yeni layihələrin icrasını
planlaşdırır.

4. Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi
bölgədə məşğulluğun artırılmasına hansı formada təsir
göstərəcək?

İlk növbədə qeyd edək ki, “AzerGold” QSC-nin fəaliyyəti
nəticəsində məşğulluğa cəlb edilmiş 2554 nəfərin 80%-dən çoxu məhz
regionları, daha dəqiq desək, Gəncə-Daşkəsən iqtisadi rayonunu,
xüsusilə də ucqar kəndləri təmsil edir. Qarabağ və Şərqi
Zəngəzurda, eləcə də Kiçik Qafqaz regonunu əhatə edən digər
bölgələrdə yeni mədənlərin işə salınması da eyni qaydada böyük
əksəriyyəti regionları təmsil edən minlərlə vətəndaşın daimi işlə
təmin olunmasına imkan yaradacaq.

Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi dövlət
başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən “Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrası çərçivəsində regionun sosial-iqtisadi
dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasının və davamlı
iqtisadi inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan
hədəflərə xidmət edəcək. Dövlət Proqramında müəyyən edilmiş
prioritet istiqamətlər nəzərə alınmaqla həyata keçiriləcək
fəaliyyət sahələri regionda minlərlə yeni iş yerlərinin yaradılması
ilə yanaşı, mədənçilik, geologiya və metallurgiya sahələri üzrə
yerli kadr potensialının formalaşdırılmasına, eləcə də kiçik
sahibkarlıq, logistika və əlaqəli digər sahələrin inkişafına mühüm
töhfə verəcək.

Yeni mədənlərin işə salınmasının müsbət sosial təsiri, əlavə
olaraq korporativ sosial məsuliyyət çərçivəsində icra ediləcək
layihələrlə də təmin olunacaq. Bölgədə təhsil, səhiyyə və idmanın
inkişafına dəstək veriləcək, yerli icmaların rifahı yüksələcək,
həmçinin sosial-iqtisadi imkanlar genişləndirilərək, dayanıqlı
inkişafa davamlı töhfələr veriləcək.

Yeri gəlmişkən, “AzerGold” QSC aktiv hasilat və istehsalat
işləri apardığı Daşkəsən və Göygöl rayonlarında, fəaliyyətinin ilk
illərindən etibarən dayanıqlı və inklüziv inkişaf, idman və
sağlamlıq, ətraf mühitin mühafizəsi, aqrar inkişaf, təhsil,
maarifləndirmə, sahibkarlıq fəaliyyətinə dəstək, tarixi-mədəni
irsin qorunması istiqamətləri üzrə çoxsaylı sosial layihələr həyata
keçirir. Yerli icmaların rifahının yüksəldilməsi və bu sahədə
həyata keçirilən dövlət proqramlarına dəstək məqsədi ilə icra
edilən bu layihələrdən yüzlərlə icma üzvü faydalanır. Səhmdar
Cəmiyyətinin xüsusilə ucqar kənd və qəsəbələrin sosial-iqtisadi
inkişafı sahəsindəki təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir. “Milli Korporativ Sosial Məsuliyyət”
mükafatına layiq görülən ilk dövlət şirkəti olan “AzerGold”
bugünədək müxtəlif nominasiyalar üzrə təltif edilib.

5. Yeni geoloji layihələrdə ekoloji dayanıqlılıq və
ətraf mühitin qorunması prinsipləri necə təmin olunur? “AzerGold”
bu baxımdan hansı beynəlxalq standartlara əsaslanır?

Ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması “AzerGold”
QSC-nin bütün fəaliyyət istiqamətləri üzrə əsas prioritetdir.
Cəmiyyət bu və digər prinsipləri BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğun formalaşdıraraq, ətraf mühitin qorunmasını və
təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir. Ətraf
mühitlə bağlı fəaliyyətlərdə Azərbaycan Respublikasının milli
qanunvericiliyinə və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq
konvensiyalara uyğunluq əsas götürülür.

Geoloji layihələrin icrası çərçivəsində, yuxarıda da qeyd
edildiyi kimi, axtarışlar zamanı ekoloji cəhətdən daha təhlükəsiz,
qeyri-invaziv metodlar aktiv şəkildə tətbiq edilir. Bu üsulların
əsas ekoloji üstünlüyü, yer səthinə və ekosistemlərə minimal
təsirlə məlumat əldə etməyə imkan verməsidir.

Yataqların istismarı prosesində də ekoloji tələblər ən vacib
prioritet kimi nəzərə alınır. Yataqların istismarına başlamazdan
öncə ətraf mühitə təsirin qiymətləndirilməsi aparılır, istismar
fəaliyyəti müddətində isə hava, su və torpaq göstəriciləri üzrə
mütəmadi ekoloji monitorinq həyata keçirilir.

Bundan əlavə, qeyd etmək lazımdır ki, “AzerGold” ölkəmizdə
dağ-mədən sahəsində istismarı başa çatmış mədən layihəsində
rekultivasiya həyata keçirən ilk şirkətdir. Bu proses nəticəsində
ərazilərdə ekosistemin bərpası və landşaftın yenidən
formalaşdırılması təmin edilib. Eyni zamanda, şirkət tərəfindən
həyata keçirilən ekoloji layihələr arasında bioloji müxtəlifliyin
qorunması, heyvan və bitki örtüyünün zənginləşdirilməsi ilə bağlı
fəaliyyət də xüsusilə önəmli yer tutur. Hasilat zonaların
yaxınlığında yerli iqlim tipinə uyğun minlərlə ağac və kol
bitkilərinin əkilməsi həyata keçirilir və bu istiqamətdə fəaliyyət
mütəmadi olaraq davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir