
Bakı. Trend:
Trans – Ariatik boru kəməri (TAP) son beş ildə Avropanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb.
Bunu Trend-ə
Avropa Komissiyasının nümayəndəsi TAP-ın kommersiya istismarının
başlamasının beşinci ildönümü münasibətilə deyib.
“O, Avropa İttifaqının enerji təchizatını əhəmiyyətli dərəcədə
şaxələndirməklə və siyasi, iqtisadi risklərə məruz qalan ənənəvi
marşrutlardan asılılığı azaltmaqla, Azərbaycan qazının Avropa
bazarlarına çatdırılması üçün yeni strateji marşrut təmin edib. TAP
vasitəsilə təbii qaz tədarükünün etibarlılığı Avropanın enerji
bazarının sabitliyini və rəqabətədavamlılığını artırıb ki, bu da
xüsusilə Rusiya tədarüklərindən asılılıqla bağlı enerji sahəsində
yaşanan çətinliklər dövrlərində həlledici önəm kəsb edib”,- deyə
Avropa Komissiyasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji mənbələrinin
şaxələndirilməsi və 2027-ci ilə qədər Rusiyadan olan fossil
yanacaqlardan imtina kursuna sadiq qalır.
“Hazırda həmmüəlliflərlə müzakirə olunan “REPowerEU” Yol
Xəritəsi barədə Qayda qeyri-rus tədarükçülər üçün əlavə bazar
imkanları açır.
Bu kontekstdə Cənub Qaz Dəhlizinin (CQD) ayrılmaz hissəsi olan
TAP təbii qazın Avropaya tədarükü üçün marşrut və mənbələrin
şaxələndirilməsinə yönəlmiş strateji xəttdir. Azərbaycanının
istehsal və ixrac potensialından istifadə etməklə, TAP Aİ-nin
Rusiya boru qazından olan asılılığının azalmasına töhfə verir. Bu
cür şaxələndirmə tədarükün dayanması risklərini azaldır, enerji
sektorunda rəqabəti gücləndirir və daha əlverişli qiymətlərin
formalaşmasına şərait yaradır. Cənub Qaz Dəhlizi çərçivəsində TAP
Aİ üçün daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təchizatı
sisteminin yaradılmasına töhfə verir”, – o əlavə edib.
Daha sonra o qeyd edib ki, TAP enerji keçidi dövründə çeviklik
və enerji təhlükəsizliyi təmin etmək gücünə malikdir.
“Qaz Avropanın enerji keçidi prosesində və karbon
emissiyalarının azaldılması səylərində mühüm keçid yanacağı olaraq
qalmaqdadır. TAP-ın rolu son dərəcə önəmlidir – o, sabit qaz
təchizatını təmin edir, enerji sisteminin dayanıqlığını dəstəkləyir
və daha davamlı enerji gələcəyinə keçiddə körpü rolunu oynayır.
Karbonsuzlaşdırma hədəflərinə yaxınlaşdıqca, TAP kimi infrastruktur
keçid dövründə çeviklik və təhlükəsizlik təmin edə, bərpa olunan
enerji mənbələrinin inteqrasiyasını tamamlaya bilər”,- deyə AK
nümayəndəsi bildirib.
O vurğulayıb ki, Avropanın qaz tədarükünü şaxələndirmək və
Rusiyadan asılılığı azaltmaq səyləri çərçivəsində Aİ Cənub Qaz
Dəhlizi vasitəsilə tədarükü artırmaq niyyətindədir və bu
istiqamətdə Azərbaycan hökuməti və CQD üzrə digər tərəfdaşlarla
əməkdaşlıq edir.
“Azərbaycanla strateji enerji əməkdaşlığımız Aİ-nin enerji
təhlükəsizliyi və karbonsuzlaşdırma sahəsində uzunmüddətli
məqsədlərinə nail olunmasında mühüm element olaraq qalacaq.
Bundan əlavə, Azərbaycanın metan emissiyalarının azaldılmasına
və regionun elektrik enerji sektorunda qarşılıqlı əlaqənin
gücləndirilməsinə sadiqliyi onun enerji keçidi üzrə ümumi
səylərdəki rolunu vurğulayır. Azərbaycanın xüsusilə Xəzər
dənizindəki zəngin bərpa olunan enerji ehtiyatları Avropanın təmiz
enerji sənayesi ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Biz
əminik ki, bu tərəfdaşlıq hər iki tərəfə daha rəqabətədavamlı və
ekoloji enerji həllərinə keçid səylərini gücləndirməyə imkan
verəcək və dayanıqlı enerji gələcəyini təmin edəcək”,- deyə Avropa
Komissiyasının nümayəndəsi əlavə edib.
TAP-ın genişlənlənməsi barədə
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, dəyişən enerji
landşaftı fonunda TAP-ın ötürücülük qabiliyyətinin artırılması
potensialının öyrənilməsi məqsədilə Aİ maraqlı tərəflərlə sıx
qarşılıqlı fəaliyyəti davam etdirir.
“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpa
olunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumi
qaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatın
ödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ də
əsas rol oynayır.
Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərinin
beynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkan
vermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istənilən
genişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərə
alınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdə
TAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavə
gücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasda
müəyyənləşdirilməsində əsas rol oynayır”, -deyə AK nümayəndəsi
bildirib.
O əlavə edib ki, TAP-ın inkişafı qaz kəmərinin marşrutu boyunca
yerləşən ölkələrdə, o cümlədən Yunanıstan və İtaliyada enerji
sahəsinə və iqtisadi inkişafa müsbət təsir göstərib.
“Layihə həm tikinti mərhələsində, həm də istismar dövründə
minlərlə iş yeri yaradıb, bölgədə iqtisadi fəallığı artırıb və daha
sabit qaz tədarükünü təmin edib. Ümumi Avropa enerji şəbəkəsinə
inteqrasiya sayəsində bu ölkələr enerji təhlükəsizliyini
gücləndirib, regional əməkdaşlığı stimullaşdırıb ki, bu da regionda
sabitlik və iqtisadi qarşılıqlı əlaqəni artırıb”,- deyə Avropa
Komissiyası nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasından
dörd il yarım sonra Yunanıstan, Albaniya, Adriatik dənizi və
İtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqli sistemi
kommersiya istismarına başlayıb. 31 dekabr 2020-ci ildə TAP ilk qaz
həcmlərinin nəqlini həyata keçirib. 2025-ci ilin avqust ayına olan
məlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetr
Azərbaycan təbii qazı ixrac olunub. TAP-ın illik ötürücülük
qabiliyyəti 10 milyard kubmetrdir və onun 20 milyard kubmetrə qədər
artırılması nəzərdə tutulur.

