“AzerGold” Qarabağ, Şərqi Zəngəzur və ölkənin digər ərazilərini əhatə edən geoloji tədqiqat işlərinin əsas istiqamətlərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-nin başlıca məqsədlərindən biri ölkəmizin əlvan
və qara metal filizi yataqlarının dayanıqlı idarə olunmasını və
onların effektiv şəkildə istifadəsini təmin etməkdir. Dövlət
şirkəti tərəfindən ölkəmizin mineral-xammal resurslarından
istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə
salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri
həyata keçirilir.

Bunu Trend-in sorğusuna cavab olaraq “AzerGold”-dan bildiriblər.

““AzerGold” tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas
istiqamətləri regionun yeni perspektivli mineral-xammal
potensialının müəyyənləşdirilməsi, mövcud yataqlarda ehtiyatların
yenidən qiymətləndirilməsidir. “AzerGold” Qarabağ və Şərqi
Zəngəzurla yanaşı, ölkəmizin digər ərazilərini də əhatə edən filiz,
qeyri-filiz yataqları və təzahür sahələri üzrə geoloji kəşfiyyat
proqramının icrasını həyata keçirir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli
Sərəncamına uyğun olaraq, “AzerGold”un icra etdiyi proqram Kiçik
Qafqaz sıra dağlarını – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və
Gəncə-Daşkəsən iqtisadi rayonlarının ərazisini, eləcə də Naxçıvan
Muxtar Respublikasını, ümumilikdə isə 15 409 km² sahəni əhatə
edir”, – deyə şirkətdən bildiriblər.

Qeyd olunb ki, kəşfiyyat proqramının xüsusi cəhətlərindən biri
tədqiqatların müasir, innovativ və ekoloji baxımdan daha təhlükəsiz
texnologiyaların tətbiqi əsasında həyata keçirilməsidir.




“Axtarışlar zamanı qeyri-invaziv axtarış metodları –
hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat
üsulu tətbiq edilir. Bu üsullar perspektivli sahələrin qısa vaxtda
müəyyənləşdirilməsinə, böyük vəsait tələb edən buruqqazma işlərinə
böyük ölçüdə qənaət edilməsinə, tədqiqatların daha kiçik arealı
əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına imkan verir.
Nəticə olaraq qısa zaman ərzində yer səthinə müdaxilə etmədən
geoloji məlumatlar əldə olunur.

Sözügedən texnologiyaların tətbiqi ilə aparılan tədqiqat və
qiymətləndirmələr 2027-ci ilin sonuna qədər yekunlaşacaq. Yekunda
Kiçik Qafqaz sıra dağlarının ölkəmizə düşən hissəsi və Naxçıvan
Muxtar Respublikası üzrə kompleks axtarış-qiymətləndirmə işləri
tamamlanacaq, eləcə də mövcud geoloji xəritələri və məlumat bazası
yenilənərək, ilkin kəşfiyyat mərhələsi yekunlaşacaq”, – deyə
“AzerGold”-dan bildiriblər.

Vurğulanıb ki, ölkə üzrə geoloji kompleks kəşfiyyat və
tədqiqatlardan əldə ediləcək nəticələr həm elmi, həm də iqtisadi
baxımdan mühüm əhəmiyyət daşıyır: “Belə ki, nəticələr yeni
perspektivli sahələrin müəyyənləşdirilməsinə imkan verəcək. Müəyyən
edilmiş sahələrdə növbəti mərhələlər üzrə tədqiqatların davam
etdirilməsi və mümkün hasilat işlərinin həyata keçirilməsi
gələcəkdə dövlət tərəfindən müəyyən ediləcək operatorlar tərəfindən
həyata keçiriləcək. Yeni irimiqyaslı mədən layihələrinin
reallaşdırılması isə dağ-mədən sənayesinin, qeyri-neft sektorunun,
ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına, regionun sosial
rifahının yüksəlməsinə ciddi töhfələr verəcək.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir