
Bakı. Trend:
Orta Dəhlizin inkişafı təkcə yolların tikintisini deyil, həm də
effektiv sərhədlərarası yükdaşımalarını təmin edən “yumşaq”
infrastrukturun təkmilləşdirilməsi üzrə tədbirlərinin həyata
keçirilməsini tələb edir.
Trend Beynəlxalq
Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,
bunu İRU baş katibi Umberto de Pretto bu həftə Daşkənddə keçirilən
Beynəlxalq Nəqliyyat Forumunun (ITF) yüksəksəviyyəli dialoqunda
bildirib.
“Qloballaşmış iqtisadiyyatda kommersiya avtomobil nəqliyyatı
sadəcə bir daşıma üsulu deyil. Bu, müəssisələri, tədarükçüləri və
bazarları dünya miqyasında birləşdirən həyati əhəmiyyətli istehsal
alətidir.
Dayanıqlı inkişaf etibarlı nəqliyyat dəhlizləri və effektiv
infrastruktur olmadan mümkün deyil. Amma yalnız infrastruktur
kifayət etmir. Yüklərin keyfiyyətli daşınması üçün sərhədlərdə
yaranan dar boğazların, yükləmə və boşaltma gecikmələrinin, rəsmi
olmayan ödənişlərin, məhdudlaşdırıcı siyasətlərin, həddindən artıq
yoxlamaların və inzibati prosedurların aradan qaldırılmasına
yönəlmiş tədbirlərin tətbiqi vacibdir. IRU hər yeni yolun hər
santimetrinin salınmasını alqışlayır, ələlxüsus da Orta Dəhliz
boyunca”, – deyə Umberto de Pretto vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

