
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində
bir sıra ekoloji aksiyalarda iştirak edib.
Trend xəbər
verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su
anbarına 25 min sazan balığı buraxılıb. Aksiya su bioresurslarının
bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin
ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.
Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı
ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib.
Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş
ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində
məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü
artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha
sağlam ceyran nəslinin formalaşdırılmasıdır. Hazırda Korçay Dövlət
Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.
Səfər proqramı çərçivəsində, həmçinin Mingəçevir şəhərində
ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Leyla Əliyevanın iştirakı
ilə 100 nəfər könüllü tərəfindən Eldar şamı və sərvdən ibarət 200
ağac əkilib. Eldar şamı və sərv quraqlığadavamlı, regionun
torpaq-iqlim şəraitinə uyğun ağac növləri kimi ətraf mühitin
mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu ekoloji aksiyalar IDEA İctimai Birliyi
tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və
biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən
işlərin tərkib hissəsidir.

