
Bakı. Trend:
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan
məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi,
ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus
bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən
monitorinq keçirilib.
Bu barədə Trend-ə xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, ət məhsullarından nümunələr götürülərək
mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin
yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq
laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti
basdırması məhsulunda at DNT-si aşkarlanıb.
Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev
Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar
yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların
tələblərinin pozulduğu məlum olub.
Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən
fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket
məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa,
dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa
çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır
məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və
dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur
rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal
qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol
tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və
pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.

