Azərbaycanda 10 ayda orta illik inflyasiya 6 %-ə yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin
oktyabr ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida
məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 105,6 faiz təşkil edib.

Bu barədə Trend Dövlə Statistika Komitəsinə istinadən xəbər
verir.

2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki
aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.

2025-ci ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər
və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 100,8 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.




Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və
qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq
məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə
yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin,
badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad
məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun,
portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün,
kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın,
soğanın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz
təşkil etmişdir. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida
məhsullarından daha çox bahalaşma geyimlərin, şəxsi gigiyena və
zərgərlik məmulatlarının, ucuzlaşma isə yuyucu və təmizləyici
vasitələrin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli
xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
100,4 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki
ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma
əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və
şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin,
restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin,
ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma
xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli
xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir