
Bakı. Trend:
Bu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1781,4 min nəfər olub, onlardan 863,2 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 918,2 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,9 faizi sənaye, 8,5
faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi
tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və
texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal
əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq
1087,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi,
maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və
texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı
sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

