
Bakı. Trend:
ABŞ-nin İllinoys Universitetində fəaliyyət göstərən Azərbaycan
Tələbə Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət
Komitəsinin və Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin
dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Victory Day and
Culture Festival” (“Qələbə Günü və Mədəniyyət Festivalı”) adlı
tədbir keçirilib.
Trend xəbər
verir ki, tədbirdə İllinoys Universitetinin professor-müəllim
heyəti və tələbələri, eləcə də yerli və xarici icma nümayəndələri,
habelə ştatın digər universitetlərində təhsil alan azərbaycanlı
tələbə təşkilatlarının üzvləri, Azərbaycanın ABŞ-dəki Səfirliyinin
nümayəndələri iştirak ediblər.
2-ci Amerika Azərbaycan Gənclər Forumunun iştirakçıları,
universitetdə fəaliyyət göstərən gənclər təşkilatının idarə
heyətinin üzvləri, tədbirin təşkilatçıları Riyad Babayev və Könül
Adıgözəlova, həmçinin İdarə Heyətinin digər üzvləri Elman Gözəlov,
Fəxrəddin Eminli, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin
rəhbəri Fərid Məmmədov, Azərbaycanın ABŞ-dəki Səfirliyinin
nümayəndələri xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Çıxışlarda tədbirin təşkilinə dəstək göstərən hər kəsə minnətdarlıq
bildirilib, ABŞ-də təhsil alan azərbaycanlı gənclərin fəallığı,
xüsusən də milli kimliyi qoruyaraq Azərbaycanın haqq səsinin
dünyaya çatdırılmasında göstərdikləri səyləri yüksək
qiymətləndirilib, onlara uğurlar arzulanıb.
Tədbirdə Zəfər tarixinə həsr olunan videoçarxlar, Azərbaycanla
bağlı məlumatlar, milli musiqi və rəqslərimiz, təbliğat
materiallarından ibarət sərgi və milli mətbəximizdən nümunələr
təqdim olunub.
Sonda Səfirliyin nümayəndələrinə və Fərid Məmmədova
təşəkkürnamələr, tədbir iştirakçılarına isə hədiyyələr verilib.

