Azərbaycan Mərkəzi Bankı pul siyasətində yeni mərhələnin konturlarını İsveçrədə təqdim etdi

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov və Pul siyasəti
departamentinin direktoru Azər Ələsgərov Beynəlxalq Valyuta
Fondunun Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf
Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak ediblər.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 10–12 noyabr tarixlərində İsveçrənin Sürix
şəhərində keçirilən tədbir “Dəyişkən dünyada mərkəzi bank
idarəçiliyi və siyasət çərçivələri” mövzusuna həsr olunub. İsveçrə
Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan
tədbirdə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri
iştirak ediblər.




Mərkəzi Bankın sədr müavini Əli Əhmədov tədbirdə açılış nitqi
ilə çıxış edən spikerlərdən biri olub. O, son illərdə Mərkəzi
Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində
həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi
sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının
inkişafındakı rolu haqqında fikirlərini bölüşüb. Əli Əhmədov
Mərkəzi Bankın gələcəkdə də siyasət qərarlarının real sektora
ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların
genişləndirilməsində qərarlı olduğunu bildirib. O, pul bazarı
əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının
dərinləşdirilməsi istiqamətində təşəbbüslərin davam etdiriləcəyini
qeyd edib.

Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov isə
“Azərbaycanın pul siyasəti kommunikasiyası” mövzusunda təqdimatla
çıxış edib. O, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə
vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin
nəticələrinin qiymətləndirilməsi istiqamətində Mərkəzi Bankın
təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Azər Ələsgərov son
illərdə Mərkəzi Bank tərəfindən informasiya açıqlığının
genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri
diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti
qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin
mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və
şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma
rolunu oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir