
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)
Xorvatiyanın Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə
yeni təşəbbüslərin reallaşdırılmasını müzakirə edib.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Belə ki, DVX nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər
edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında
Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin
aparılması olub.
Səfər çərçivəsində tərəflər rəqəmsal transformasiya
proseslərinin təşkili, vergi inzibatçılığında müasir
texnologiyaların tətbiqi, süni intellekt və avtomatlaşdırma
alətlərindən istifadə etməklə vergi risklərinin idarə olunmasına
yönəlmiş riskə əsaslanan uyğunluq strategiyalarının
formalaşdırılması, idxal-ixrac və s. kimi məsələlər ətrafında geniş
müzakirələr aparıblar. DVX nümayəndələrinin “AVİS”, “e-portal”,
“e-kassa”, “Vergi risklərinin təhlili”, “Mal axınlarının
hərəkətinin izləmə sistemi” kimi təqdimatları maraqla
qarşılanıb.
Görüşlər zamanı, həmçinin daxili auditin təşkili, vergi
ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin və
şəffaflığının artırılması, istifadəçi məmnunluğunun yüksəldilməsi,
elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində
təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, vergi mübahisələrinin
həlli ilə bağlı məhkəmə təcrübəsi, vergi nəzarəti tədbirlərinin
məhkəmələr tərəfindən ləğv edilməsi hallarının təhlili və digər
məsələlər barədə məlumatlar təqdim edilib.
Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın
genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və
qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə
ediblər.

