Çində yeni müqavilə imzalandı: Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır (FOTO)

Baş səhifə

Bakı. Trend:

2025-ci il noyabr ayının 13-də Çin Xalq Respublikasının paytaxtı
Pekin şəhərində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti
“Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment &
Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal
gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün
bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ)
hazırlanması üzrə müqavilə imzalanıb.

Trend xəbər verir ki, müqavilə “AzMC” MMC-nin baş direktoru
Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin
tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dolları
təşkil edir.

Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma
sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti
briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas
mərhələ hesab olunur. Dörd ay müddətində tamamlanması
planlaşdırılan sənəd, zavodun tikintisi layihəsinin
maliyyələşdirilməsi istiqamətində beynəlxalq institutlar və banklar
qarşısında əsas istinad sənədi rolunu oynayacaq. Hazırlanacaq TİƏ
sənədi zavodun inşası üçün optimal texnoloji həllərin müəyyən
edilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını,
eləcə də tammiqyaslı işlənməsi üzrə növbəti mərhələlərin həyata
keçirilməsini təmin edəcək.

Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd”
metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları
sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel
Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə
şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və
dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan
şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye
layihələrini icra edib.




Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı
müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların
inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların
tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji
təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə,
Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi
ölkələrdə resursların səmərəli istismarını təmin edib.

Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC birgə müəssisəsi
bu il sentyabrın 23-də “Azergold” QSC-nin törəməsi “Daşkəsən Dəmir
Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC
Limited” şirkəti tərəfindən təsis olunub. Müəssisə illik 2 milyon
ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi,
layihələndirilməsi, qurulması və gələcək istismarı üzrə fəaliyyət
göstərəcək.

Şəmkir rayonu ərazisində tikiləcək zavodun 2029-cu ilin
ortalarında istismara verilməsi nəzərdə tutulur. Müasir və ekoloji
baxımdan təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcək
layihənin ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları
təşkil edir. Sözügedən layihə çərçivəsində ÜDM-yə illik 694 milyon
ABŞ dolları həcmində töhfə gözlənilir və təqribən 1 600 nəfərin
birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir