Yeni parkinq sistemi: qonaqlar niyə ödəniş etməlidir?

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda şəhər mühitində sürətlə artan yaşayış kompleksləri
ilə yanaşı, parkinq problemi də özünü göstərməyə başlayıb. Xüsusilə
çoxmərtəbəli binaların həyətində və ətrafında məhdud park yerləri,
həm sakinlərin, həm də qonaqların gündəlik narazılığına səbəb olur.
Bir çox binalarda artıq qonaq qismində gələn şəxslərin də parkinq
üçün ödəniş etməsi qaydası tətbiq edilir. Bu isə həm təhlükəsizlik
və nizam-intizamın qorunması, həm də park yerlərinin daha səmərəli
idarə olunması baxımından müzakirə mövzusu olaraq qalır. Məsələnin
sakinlər, idarəedici şirkətlər və şəhər infrastrukturu baxımından
hansı üstünlüklər və çatışmazlıqlar yaratdığı isə ictimai diqqətin
əsas suallarından biridir.

Əmlak eksperti Şahin İbadoğlu mövzuyla bağlı Trend-ə açıqlamasında
bildirib ki, beynəlxalq təcrübəyə baxanda görürük ki, yeni yaşayış
komplekslərində qonaqların qısa müddətli parklanması məhz ayrıca
qayda ilə tənzimlənir:

“Bunun əsas səbəbi ondan ibarətdir ki, sakinlərin uzunmüddətli
ehtiyacı ilə qonaqların qısa ziyarət ehtiyacı bir-birindən
fərqlidir və vahid tarif tətbiq edildikdə həm həyətlərdə, həm küçə
kənarlarında xaos yaranır. Bir çox ölkələrdə – xüsusilə Böyük
Britaniya, Almaniya və Kanadada – bina sakinləri üçün daimi yerlər
ayrılır, lakin qonaqların parklanması sadəcə “saatlıq ödəsin”
prinsipi ilə idarə olunmur. Qonaqlar üçün ayrıca, qısa müddətli və
məntiqli tarif siyasəti formalaşdırılır ki, nə sakinlər bu
yerlərdən sui-istifadə etsin, nə də qonaqlar üçün nəzərdə tutulan
məkan günboyu ətraf ofislərin işçiləri tərəfindən tutulub
qalsın”.

O qeyd edib ki, adətən belə ölkələrdə qonağın parklanması üçün
ilk 15-30 dəqiqə ya pulsuz, ya da çox aşağı tariflə həyata
keçirilir.

Bunun məqsədi qısa ziyarətlər – uşaq gətirib-götürmək, ev
sahibinə nəsə təhvil vermək kimi halları asanlaşdırmaqdır:

Daha sonra, 1- 2 saatlıq normal ziyarət üçün orta səviyyəli,
şəffaf və əsaslandırılmış tarif tətbiq olunur. Bu tarif nə küçə
parklanmasından xeyli baha, nə də elə ucuz olur ki, hamı həyətə üz
tutsun. Beləliklə, sistem qonaqlar üçün əlçatan, sakinlər üçün isə
maneəsiz olur.

Ekspert vurğulayıb ki, uzunmüddətli dayanmanın qarşısını almaq
üçün isə bir çox şəhərlərdə 2–4 saatdan sonra tarif artırılır və ya
ümumiyyətlə həmin müddətdən sonra parklanma məhdudlaşdırılır:

“Bunun səbəbi qonaq yerlərinin “günlük park dayanacağı”na
çevrilməsinin qarşısını almaqdır”.

Ş.İbadoğlu bildirib ki, müasir yanaşma rəqəmsal sistemlər
üzərində qurulur: “Sakin mobil tətbiqdən qonağın avtomobil
nömrəsini qeyd edir, sistem həmin nömrəyə müəyyən müddətlik giriş
icazəsi tanıyır, şlaqbaum və ya kamera maşını tanıyaraq içəri
buraxır və ödənişi ya qonaq özü edir, ya da sistem avtomatik
hesablayır. Bir çox Avropa şəhərlərində artıq fiziki talonlar və
kassirli giriş məntiqi tamamilə ləğv olunub; çünki rəqəmsal model
həm növbələrin qarşısını alır, həm də sui-istifadə risklərini
minimuma endirir”.

Ekspertin fikrincə, Azərbaycan üçün ən uyğun variant məhz belə
bir model ola bilər.

“Yəni, qonaqlar üçün müəyyən sayda yer əvvəlcədən layihə
mərhələsində ayrılır, tariflər çox yüksək və ya əsassız şəkildə
dəyişdirilmir, ilk yarım saatlıq məbləğ yüngül tutulur, daha sonra
isə beynəlxalq təcrübəyə uyğun tarif tətbiq edilir. Bu, həm
sakinlərin yeraltı qarajdan istifadəsini təşviq edir, həm qonağın
rahat şəkildə parklana bilməsinə imkan yaradır, həm də həyətlərdə
tıxac və xaosun qarşısını alır”.




O, qeyd edib ki, qonaq parklanmasının düzgün tənzimlənməsi təkcə
ödəniş məsələsi deyil, həm də yaşayış məkanının düzgün idarə
olunması, şəhər mühitində nizam-intizamın qorunması və sakin-qonaq
balansının təmin edilməsidir.

“Bu baxımdan beynəlxalq praktika çox aydın göstərir ki, qonaq
parkını ayrıca, məntiqli və rəqəmsal yanaşma ilə tənzimləmək ən
səmərəli modeldir”,-deyə ekspert əlavə edib.

Əmlak eksperti Elnur Azadov Trend-ə açıqlamasında bildirib ki, əgər şəxs
həmin binada sakin deyilsə, digərləri kimi ödəniş etməlidir.

“Əgər söhbət yaşayış kompleksinin həyətindən gedirsə və bu
kompleks MTK (mənzil-tikinti kooperativi) tərəfindən idarə
olunursa, idarəetmə həmin MTK-nın nizamnaməsinə uyğun həyata
keçirilməlidir. Həmçinin, alternativ olaraq, sakinlərin ümumi
qərarı ilə tənzimlənə bilər”.

Ekspertin fikrincə, sakinlər birgə mülkiyyət formasında cəmiyyət
yarada bilərlər.

Çoxmənzilli binada yeraltı qarajın və ya həyətin istifadəsi ilə
bağlı qərar ümumi razılıqla və səsvermə yolu ilə verilməlidir.
Çünki bu ərazilər ümumi mülkiyyət sayılır və necə istifadə
olunacağı sakinlərin qərarına bağlıdır.

E.Azadov bildirib ki, Mülki Məcəlləyə əsasən, belə hallarda
sakinlər özləri səsvermə yolu ilə qərar verməlidirlər.

“Bu yalnız yeni tikililərə deyil, bütün çoxmənzilli yaşayış
binalarına aid edilir, və Mənzil Məcəlləsinin müvafiq normaları ilə
tənzimlənir. Əgər şəxs orada sakin deyilsə, hamı kimi ödəniş
etməlidir”.

E.Azadov əlavə edib ki, Mülki Məcəllədə də bu kimi hallar öz
əksini tapıb. Orada qeyd olunur ki, sakinlər özləri səsvermə yolu
ilə qərar verməlidirlər.

“Bu yalnız yeni tikilmiş binalara aid deyil, Mənzil Məcəlləsinə
əsasən bütün çoxmənzilli yaşayış binalarına şamil olunur”,-deyə
ekspert bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir