Asiya İnkişaf Bankı ilə Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın maliyyə nazirliyi və Asiya İnkişaf Bankı (ADB)
2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə
Tərəfdaşlığı Strategiyasını müzakirə edib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Belə ki, noyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının
(AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan
bankın prezidenti Masato Kanda ilə görüşüb. Bu səfər prezident
Kandanın Azərbaycana ilk rəsmi səfəridir.

Nazir Sahil Babayev AİB ilə uzunmüddətli və səmərəli
əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirib ki,
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatın
şaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinə
doğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları ilə
əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir AİB ilə uzunmüddətli
əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki
yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin
inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Azərbaycanın cari iqtisadi vəziyyəti və makroiqtisadi
göstəriciləri barədə məlumat verən S.Babayev bildirib ki, ölkə
iqtisadiyyatında və xüsusilə qeyri-neft sektorunda müsbət inkişaf
dinamikası müşahidə olunur, strateji valyuta ehtiyatları yüksək
səviyyədədir və dövlət borcu kifayət qədər aşağı həddədir.




Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə
yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni
strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim
dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə
də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.

Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və
ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su
təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə
edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir
yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı
layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas
prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr
aparıblar. Bu çərçivədə AİB-nin Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi
kimi strateji regional layihələrə inteqrasiyası da diqqət
mərkəzində olub.

Görüş zamanı Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və
həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirli
ölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildən
etibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki,
bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəylik
siyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmin
göstəricisidir.

Prezident Masato Kanda bildirib ki, AİB Azərbaycanı mühüm və
etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf
prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik,
rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur
sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir