
Bakı. Trend:
Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya
Agentliyinə (UzA) müsahibəsi Azərbaycan-Mərkəzi Asiya ölkələri, o
cümlədən Azərbaycan-Özbəkistan münasibətlərinə bir daha aydınlıq
gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və
Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid
tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk
baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən coğrafi olaraq
ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu
gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən
əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və
tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi təkcə coğrafiya deyil,
həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər,
adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən
yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi
əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında
ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri, həmçinin fəal siyasi dialoq və qarşılıqlı səfərlər
bu əməkdaşlıq formatının uğur qazanmasında mühüm rol oynayır. Son
bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və
təmasların dinamikası ölkələrimizin münasibətlərinin yüksək
səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə
Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30,
Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrə 13 dəfə
səfər edib.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində prioritet
istiqamətlərdən biri Türk dünyası ilə birliyin, həmrəyliyin
gücləndirilməsidir. Türk dünyası dedikdə, ilk növbədə, Türkiyə ilə
yanaşı Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə
uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda
yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin
inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla
əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də
mühüm rol oynayır.
Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev
müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə
sayca üçüncü iştirakı olacağını önə çəkərək belə bir əminliyi ifadə
etdi ki, bu görüş qardaş xalqlarımız arasında əsrlər boyu davam
edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat,
investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya
sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində
əhəmiyyətli mərhələ olacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizdən sonra
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək
dinamika müşahidə olunur. Mərkəzi Asiya dövlətləri yaxın dost,
qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər.
Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu
regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region
ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan
bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu
baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək
xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy
adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Dövlət
başçısı İlham Əliyev müsahibəsində də bu məqama xüsusi diqqət
yönəltdi. Vurğuladı ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü
dəyişməz olaraq dəstəkləyib. Qardaş Özbəkistana Qarabağın bərpasına
verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi
Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin
təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirən
dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Özbəkistan Qarabağ
bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli
sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada ilk lider
olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız
arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul
edəcəyik.
Millət vəkili bildirib ki, Özbəkistan Azərbaycan üçün qardaş
ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər,
dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir.
Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət
bəsləyiblər. Dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl
üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan
arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir.
Münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil iki
ölkənin dövlət başçıları arasında mövcud olan şəxsi etimad və
dostluq münasibətləridir. Prezidentlər İlham Əliyev və Şavkat
Mirziyoyevin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi
töhfələri xüsusi qeyd edilir. Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini daim
xüsusi vurğulayır. Azərbaycanın Özbəkistan üçün münasibətlərin
tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biri
olduğunu qeyd edən Özbəkistan Prezidenti onu da bildirir ki, biz
həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi
münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib.
Keçən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, bu ilin
iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri
oldu. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən
Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında
Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə
2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər
imzalanmışdı. Qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan
münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və
Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni
tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün
sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin
“Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm” fikirləri
iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişafının,
həmçinin Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin dostluq
münasibətlərinin göstəricisi kimi dəyərləndirilir. Prezident İlham
Əliyev onu da qeyd etdi ki, hər dəfə Özbəkistanın dinamik
inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri
böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı
islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl
müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və
beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu
nailiyyətlər dost və qardaş, Prezident Şavkat Mirziyoyevin
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət
siyasətinin göstəricisidir.
Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil,
həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və
Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk
birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan
əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq
təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham
Əliyevin sözügedən müsahibəsi Azərbaycan və Özbəkistanın
iqtisadi-ticari, logistika, nəqliyyat, mədəni və humnitar sahədə
əlaqələrinin dünəninin, bugününün və gələcəyinin aydın mənzərəsini
təqdim etdi. Bir daha vurğulandı ki, ənənəvi dostluq və qardaşlıq
münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar
mövcuddur. Prezident İlham Əliyev bu çağırışı etdi ki, qoy, əsrlər
boyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və
əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü
uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün
Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu
təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib.
Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk
Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi
Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun
qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını
genişləndirib. Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə
əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji
səviyyəyə yüksəlir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında
əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji
təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb
arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə
və etibarlı tərəfdaşdır.

