
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın
Belem şəhərinə səfər edib.
Trend xəbər verir ki, komitə
sədri Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında və
“Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənzil
təminatı” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək mənzil
və iqlim çağırışlarının həllində çoxsəviyyəli əməkdaşlığın
vacibliyini vurğulayıb.
A.Quliyev, həmçinin Azərbaycanın “Böyük Qayıdış” Proqramı
çərçivəsində azad edilən ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalma
prinsiplərinə əsaslanan bərpa işlərini beynəlxalq auditoriyaya
təqdim edib. O, eyni zamanda, Bakı Davamlılıq Koalisiyasının və
BMT-nin “Hər Kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi
Qrupunda Azərbaycanın həmsədrlik rolunun şəhərsalma və iqlim
gündəliklərinin inteqrasiyasına mühüm töhfə verdiyini qeyd
edib.
COP30 çərçivəsində keçirilən Şəhərsalma Günü münasibətilə təşkil
olunan Nazirlər İclasında çıxış edən komitə sədri Azərbaycanın
COP29-a ev sahibliyinin çoxsəviyyəli iqlim əməkdaşlığına yeni
impuls verdiyini diqqətə çatdırıb və Çoxsəviyyəli Fəaliyyət Yolları
(MAP) təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyasının bu istiqamətdə
əhəmiyyətini vurğulayıb.
Səfər zamanı, həmçinin Braziliyanın şəhərlər naziri Jader Filho
ilə görüşən Anar Quliyev dayanıqlı və inklüziv şəhər inkişafı
sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və Bakıda
keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə
hazırlıqlar barədə məlumat verib.
Eyni zamanda, WUF13 üzrə milli koordinator olan Anar Quliyev
COP30 çərçivəsindəki çıxış və görüşlər zamanı iştirakçıları
Azərbaycanın COP29 təcrübəsinin və çoxsəviyyəli əməkdaşlıq
gündəliyinin davamı olaraq Bakıda keçiriləcək 13-cü Ümumdünya
Şəhərsalma Forumunda iştirak etməyə dəvət edib. O, bu qlobal
platformanın şəhərlərin gələcəyi, iqlim davamlılığı və innovativ
şəhərsalma sahələrində müzakirələr üçün nadir fürsət yaradacağını
vurğulayıb.

