Bakı Metropoliteni dünyanın aparıcı metro operatorlarından biri ilə əməkdaşlığa başlayır

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə
“Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb.

Trend xəbər verir ki,
müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə
metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik
sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini
nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.

Müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji
həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf
mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq
maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya
şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri
göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və
tövsiyələr təqdim ediləcək.




Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə
uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil
ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı
çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur
İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən
maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq
standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi
əhəmiyyət daşıyır.

Bakı Metropoliteni artıq bir neçə ildir ki, dünyanın modern
texnologiyaları tətbiq edən metro sistemlərini araşdırır, qabaqcıl
təcrübələri öyrənir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı
genişləndirir. Hal-hazırda Metro İstanbul ümumi uzunluğu 241 km
olan 18 xətt üzrə 236 stansiya ilə fəaliyyət göstərir. Tətbiq
etdiyi innovativ həllər, idarəetmə səmərəliliyi və sistemin miqyası
bu qurumu dünyanın aparıcı metro operatorlarından birinə
çevirir.

“Metro İstanbul” ilə əməkdaşlığın genişləndirilməsi Bakı
metropoliteninin inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yeni
metro xətlərinin və stansiyalarının layihələndirilməsi və həyata
keçirilməsində yüksək mühəndislik keyfiyyətinin təmin olunmasına
mühüm töhfə verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir