
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir
ki, Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı
kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, –
143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə, – 219 nəfər
köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50
mindən çox insan yaşayır.

