Gəncə yenidən aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

Baş səhifə

Bakı.Trend:

14–16 noyabr tarixlərində Gəncə İdman Sarayında aerobika
gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı
keçirilir. Bu mötəbər yarış Gəncənin idman ənənələrinin və
beynəlxalq tədbirlərin təşkilindəki yüksək potensialının növbəti
təsdiqi hesab olunur.

Trend xəbər
verir ki, bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda 18 ölkədən 151 gimnast iştirak edir.
İştirak edən idmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və
aerodans proqramlarında öz məharətlərini nümayiş etdirirlər.
Çempionatın ilk iki günü təsnifat mərhələləri ilə yadda qalıb.
Sonuncu – 16 noyabr tarixi isə ən həyəcanlı anların yaşanacağı
final mərhələsinə həsr olunacaq.

Bu gün start götürən yarışın açılış mərasimi xüsusi təntənə ilə
keçib. Səhnəyə əvvəlcə iştirakçı ölkələrin bayraqları gətirilib,
daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış
edərək yarışın əhəmiyyətindən, Gəncənin idman dünyasında artan
rolundan və bu cür tədbirlərin beynəlxalq əməkdaşlığa verdiyi
töhfələrdən danışıblar.




Açılış mərasimindən sonra “Nizami Xəzinəsi” adlı bədii
kompozisiya təqdim olunub. Nizami Gəncəvinin ölməz əsərlərinə həsr
olunan bu kompozisiya rəngarəng musiqi, rəqs və vizual effektlərlə
müşayiət olunaraq tamaşaçılara unudulmaz anlar yaşadıb. Bədii hissə
şəhərin mədəni irsini yarışın ruhu ilə birləşdirərək tədbirə xüsusi
ovqat qatıb.

Daha sonra gimnastların ilk çıxışlarına start verilib. Onlar
fərdi proqram üzrə öz peşəkarlıqlarını, fiziki hazırlıqlarını və
artistik bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca arenada
həm rəqabət, həm də bayram ab-havası hiss olunub.

Qeyd edək ki, qitə birinciliyinə 16 noyabr tarixində yekun
vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir