
Bakı. Trend:
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər Konfransı
çərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30
Prezidentliyinin tərəfdaşlığı ilə İqlim şəffaflığına həsr olunmuş
yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri
üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, xarici
işlər nazirinin müavini və COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev,
COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi Simon
Stiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru
İnger Andersen, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələri,
Çin Xalq Respublikası, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühit
nazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatların
rəhbərləri və digər yüksəksəviyyəli rəsmilər iştirak və çıxış
ediblər.
Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsas
mexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin
(Enhanced Transparency Framework-ETF) 10-cu ildönümü ərəfəsində
əldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfə
təqdim edilən “İkiillik Şəffaflıq Hesabatlarının (BTR)”,
əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxan
çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı
müzakirələr aparılıb.
Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində
iqlim şəffaflığına verdiyi dəyər yüksək qiymətləndirilib, bu
istiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim Şəffaflığı
Platformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığın
gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Tədbirdə çıxış edən COP29-un Sədri Muxtar Babayev iqlim
şəffaflığının Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin
yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, iqlim
şəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitinin
əhəmiyyətini vurğulayaraq, Bakıda başlanan bu müsbət ənənənin
qlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcəyini
vurğulayıb.
COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə çıxışında
Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının və
hesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi
tədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim Şəffaflığı
Platforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-ların
hazırlanması prosesində göstərilən dəstəyi qeyd edərək, iqlim
şəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəli
görüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Y.Rəfiyev
Azərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcək
COP tədbirlərində də davam etdirilməsinin vacibliyini diqqətə
çatdırıb.

