
Bakı.Trend:
13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə
“Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq
konqres keçirilir.
Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan
və Qırğızıstanın – beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu
konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə
Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil
olunub.
Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek
Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin
əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının
ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə
verəcəyinə əminliyini bildirib.
Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan
tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə
özbəkistanlı həmkarına təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi
Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir
son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf
etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız
arasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıq
ildən-ilə dərinləşir. “Həm ötən il, həm də bu il qardaş
ölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlı
mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii
kollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıq
təşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədəni
zənginliklərimizin təbliği – bütün bunlar əlaqələrimizin yüksək
səviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələr
üzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrası
ilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram”, –
deyə nazir əlavə edib.
Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida
Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen,
Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın
mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek
Mambataliyev çıxış ediblər.
Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini
vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən
danışıblar.

