
Bakı. Trend:
TAP Transadriatik Qaz Kəməri Konsorsiumu Yunanıstanda
genişləndirmə layihəsi üzrə işlərin birinci mərhələsini başa
çatdırıb.
Bu barədə Trend
TAP AG-yə istinadən xəbər verir.
“Kommersiya istismarının başlanmasından beş il ötür. TAP təbii
qazı təhlükəsiz və etibarlı şəkildə təchiz edir , Avropaya 52
milyard kubmetrdən çox qaz nəql edib; Yunanıstanda genişləndirmə
layihəsinin birinci mərhələsini başa çatdırıb. Səhmdarlarımıza,
komandalarımıza və podratçılarımıza təşəkkür edirik”, –
konsorsiumda bildirilib.
Qeyd edək ki, 15 noyabr 2020-ci il tarixində, tikinti işlərinin
başlanmasından dörd il yarım sonra, Yunanıstan, Albaniya, Adriatik
dənizi və İtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqletmə
sistemi kommersiya istismarına verilib. 2020-ci il dekabrın 31-də
TAP ilk qazın nəqlinə başlayıb. TAP-ın illik ötürücülük qabiliyyəti
10 milyard kubmetrdir və bu göstərici 20 milyard kubmetrə qədər
artırıla bilər.
TAP vasitəsilə tədarüklərin 2026-cı ilə qədər daha 1,2 milyard
kubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Hazırda
2026-cı ildən etibarən TAP vasitəsilə Albaniyaya qaz tədarükünün
təşkili üzrə işlər aparılır.

