
Bakı. Trend:
Bu, Bakının musiqi tarixinə əbədi həkk olunacaq bir axşam idi –
əfsanəvi tenor Plasido Dominqo Bakıda, Heydər Əliyev Mərkəzində
çıxış edərək tamaşaçılara dünya opera klassikasının unudulmaz
bayramını bəxş etdi.
Trend xəbər verir
ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da
konsertdə iştirak edib.
Müasir dövrün ən böyük və ən çox hörmət edilən opera
ifaçılarından biri olan, görkəmli ispaniyalı müğənni və dirijorun
konserti əsl zəfərə çevrildi. Heydər Əliyev Mərkəzinin zalında
xüsusi bir gözlənti hiss olunurdu: tamaşaçılar artıq uzun müddət
opera sənətinin möhtəşəmliyini öz sənəti ilə təcəssüm etdirən
tenoru qarşılayacaqlarını bilirdilər.
84 yaşlı Plasido Dominqo saat yarımlıq konsert proqramı ilə
çıxış edərək incə ustalığı, qeyri-adi səhnə xarizması və hər bir
nömrəni emosional yaşayışa çevirmək məharəti ilə dinləyiciləri
heyran etdi.
Konsert zəngin proqramı və parlaq ifaçı heyəti ilə
seçilirdi.
Səhnədə Maestro ilə birlikdə onun oğlu – müğənni və bəstəkar
Plasido Dominqo-kiçik, dünya şöhrətli müğənni, Azərbaycanın Xalq
artisti Yusif Eyvazov (tenor), tanınmış vokalçılar – Azərbaycanın
Əməkdar artisti Afaq Abbasova (soprano) və isveçrəli opera
müğənnisi Darya Rıbak (soprano) çıxış edirdilər.
Səslərin və partiyaların solo, duet, trio və yekun ümumi ifada
yaratdığı həmahənglik həqiqətən möhtəşəm bayram atmosferi
formalaşdırdı. Hər bir nömrə uzun və səmimi alqışlarla müşayiət
olunurdu – tamaşaçılar heyranlıqlarını gizlətmirdilər.
Gecənin musiqili ürəyi – məşhur italyan dirijoru Françesko İvan
Çampanın dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri oldu. Maestro orkestri virtuoz şəkildə idarə
edərək zəngin və emosional çalarlarla dolu musiqi palitrası
yaratdı. Onun dirijorluğu ilə Jakomo Puççini, Cüzeppe Verdi, Pyetro
Maskani kimi bəstəkarların əsərləri səsləndi – klassik musiqi zala
yenilənmiş, ruhlandırıcı və xüsusi dramatik ovqat gətirdi.
Gecənin ən təsirli anlarından biri Plasido Dominqonun Azərbaycan
tamaşaçıları üçün hazırladığı sürpriz oldu. Əfsanəvi müğənni
konsertin digər iştirakçıları ilə birgə məşhur Azərbaycan xalq
mahnısı “Küçələrə su səpmişəm”i ifa etdi.
Bu nömrə də böyük coşqu ilə qarşılandı və bir çoxları üçün
nəinki konsertin bəzəyi, həm də maestronun Azərbaycan mədəniyyətinə
olan hörmətinin rəmzi oldu.
Qeyd etmək lazımdır ki, Dominqonun Azərbaycan melodiyalarına
müraciəti yeni deyil. O, 2010-cu ildə ümummilli lider Heydər
Əliyevin doğumunun 87-ci ildönümünə həsr olunmuş mərasimdə Tofiq
Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.
İndiki konsert isə bu musiqi bağlılığını daha da
möhkəmləndirərək onu daha isti və mənalı etdi.
Tamaşaçılar ifaçıları ayaq üstə, gur və uzun sürən alqışlarla
qarşıladılar, əfsanəvi Maestroya və bütün sənətkarlara
minnətdarlıqlarını ifadə etdilər.
Plasido Dominqonun Bakıda keçirilən konserti paytaxtın mədəni
həyatının parlaq səhifəsinə çevrildi və bir daha sübut etdi ki,
sənət zaman və sərhədlərdən asılı olmayaraq qəlbləri birləşdirməyə
davam edir.

