
Bakı.Trend:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi
Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ağıllı Şəhər,
Yaşıl Gələcək: WUF2026-a doğru” layihəsi çərçivəsində “Rebuild
Karabakh” hakatonu uğurla başa çatıb.
İki gün davam edən hakaton 31 oktyabr – 1 noyabr 2025-ci il
tarixlərini əhatə edib. Layihənin əsas məqsədi Qarabağın yenidən
qurulması prosesinə gənclərin, startapçıların, mütəxəssislərin və
innovativ yanaşmaların cəlb olunmasını təmin etmək, eyni zamanda
regionun ağıllı, ekoloji və dayanıqlı inkişafına töhfə vermək
olub.
Hakatonun birinci günündə iştirakçılar mentorların dəstəyi ilə
ideyalarını inkişaf etdirib, “ağıllı şəhərlər”, “mobillik”, “yaşıl
texnologiyalar” və “dayanıqlı inkişaf” istiqamətləri üzrə innovativ
layihələr üzərində çalışıblar.
İkinci gün isə 18 komanda və 75 iştirakçı layihələrini münsiflər
heyətinə təqdim edib. Dəyərləndirmə nəticəsində “LankonFarm”
komandası birinci yerə, “Engineers” komandası ikinci yerə,
“HidroBanm” komandası isə üçüncü yerə layiq görülüb. Qalib
komandalar mükafatlandırılıb, “UNECode”, “Lunex”, “CO2toD”
komandaları isə həvəsləndirici yerləri tutublar.
Qalib komandaların layihələri xüsusilə innovativ və dayanıqlı
yanaşmaları ilə seçilib:
“LankonFarm” komandası Qarabağ fermerləri üçün vasitəçiliyi
azaldan, ağıllı soyuducu və sensor izləmə sistemləri vasitəsilə
məhsulun daşınmasını optimallaşdıran innovativ aqrotexnoloji həll
işləyib hazırlayıb.
“Engineers” komandası isə Qarabağda su və torpaq problemlərini
həll edərək balıqçılıq və əkinçiliyi birləşdirən, sensor və
filtrasiya sistemləri ilə resurslardan səmərəli istifadəni təmin
edən dayanıqlı kənd təsərrüfatı modeli təqdim edib.
“HidroBANM” komandası hidrogellər vasitəsilə rütubəti sovuraraq
infrastrukturda korroziyanın və su yığılmasının qarşısını alan,
həyat keyfiyyətini və ekoloji dayanıqlığı artıran ağıllı həll
təqdim edib.
Hakatonda iştirak edən ümumilikdə 6 komanda 2026-cı il mayın
17–22-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT)
ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası (WUF13) çərçivəsində öz layihələrini birbaşa təqdim
etmək imkanı qazanıb.
Qeyd edək ki, bu təşəbbüs Qarabağın müasir, ekoloji və “ağıllı
şəhər” standartlarına uyğun gələcəyinin formalaşdırılmasına, eləcə
də gənclərin regionun innovativ inkişaf prosesində aktiv iştirakına
mühüm töhfə verir.

