TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan əlavədən mütləq zərurətə çevrildi – Ceyms Şarp

Baş səhifə

Bakı. Trend:

Sonuncu həlqəsi Transadriatik qaz kəməri (TAP) olan Cənub Qaz
Dəhlizi hər zaman Avropa İttifaqına qaz tədarükü və enerji
təhlükəsizliyinin mühüm tamamlayıcısı kimi nəzərdən keçirilib.

Bunu Trend-ə Böyük
Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp TAP-ın
kommersiya istismarına verilməsinin 5 illiyi münasibətilə
deyib.

“O zaman ümumi tədarük həcmlərində payı çox böyük olmasa da, TAP
mənbələrin şaxələndirilməsinin mühüm elementi hesab olunurdu –
Xəzər regionundan Avropaya Rusiyadan asılı olmayan istiqamət üzrə
kəmərlə qaz çatdırılmasını mümkün edən ilk marşrut idi. 2022-ci
ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü Azərbaycanın və onun
tərəfdaşlarının nə qədər uzaqgörən olduğunu açıq şəkildə göstərdi.
TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan
əlavədən mütləq zərurətə çevrildi”, – o vurğulayıb

Şarpın sözlərinə görə, Azərbaycanın enerji tərəfdaşı kimi
etibarlılığı heç vaxt şübhə doğurmayıb.




“bp şirkəti burada uzun illərdir uğurla fəaliyyət göstərir,
müqavilələrin sabitliyindən və SOCAR ilə Azərbaycan hökuməti ilə
konstruktiv münasibətlərdən bəhrələnir. Lakin Rusiyanın Ukraynaya
təcavüzündən və Aİ-nin Rusiya qazı idxalını azaltmaq səylərindən
sonra Azərbaycanın etibarlı tərəfdaş kimi dəyəri xüsusilə qabarıq
şəkildə üzə çıxdı. Məhz Azərbaycan, xüsusilə Cənub-Şərqi Avropa
ölkələri üçün əvəzləyici qaz həcmlərinin əsas tədarükçüsünə
çevrildi. TAP-a qoşulan Yunanıstan–Bolqarıstan interkonnektoru
əvvəllər cüzi bir qolu xatırlatsa da, sonradan Mərkəzi və
Cənub-Şərqi Avropada Rusiya qazından asılılığı azaltmaq və ya tam
aradan qaldırmaq istəyən bir çox ölkə üçün həyati əhəmiyyət
qazandı. Azərbaycan tərəfindən nə qədər sürətli reaksiyanın
göstərilməsi məni xüsusilə təəssüratlandırdı – ölkə ixrac
həcmlərini artırdı, yeni razılaşmalar bağladı və qazı əvvəlcədən
nəzərdə tutulduğundan xeyli çox sayda ölkəyə çatdırmağın yollarını
tapdı. Bu, etibarlı tərəfdaşın həqiqi göstəricisidir”, – deyə sabiq
səfir qeyd edib.

TAP-ın gələcək genişləndirilməsindən söz açan Şarp bildirib ki,
layihənin həyata keçirilməsi üçün Azərbaycan, Türkiyə və onların
tərəfdaşları müəyyən maliyyə risklərinin bir hissəsini üzərlərinə
götürməli ola bilərlər.

“Türkmənistandan qazın Transxəzər qaz kəməri vasitəsilə əlavə
olunması layihənin iqtisadi cəhətdən daha cəlbedici olmasına səbəb
ola bilər. Həmçinin Azərbaycanın Suriyaya qaz tədarükünə başlaması
da maraqlı məqamdır. TAP bu prosesdə iştirak etmir və hələlik
həcmlər çox böyük deyil, lakin bu, regionda Azərbaycanın artan
rolunu nümayiş etdirir. Daha genişmiqyaslı sülh razılaşmaları əldə
edildiyi təqdirdə bu rol daha da önəm qazana bilər”, – deyə o
fikrini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir