
Azərbaycan və Özbəkistan arasındakı diplomatik münasibətlər son illərdə sürətlə inkişaf edib, energetika sahəsində birgə layihələr prioritetdir.
APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Enerji Diplomatiyası və Geopolitika İnstitutunun rəhbəri Xayud İbrahimov bildirib.
O deyib ki, bu əlaqələrin inkişafını xüsusilə yüksək səviyyəli rəsmi görüşlərdə və qarşılıqlı ziyarətlərdə müşahidə etmək mümkündür: “Bu, ölkələrimizin yalnız diplomatik deyil, eyni zamanda, dostluq münasibətlərinə də işarə edir”.
İnstitut rəhbəri qeyd edib ki, energetika sahəsində isə ikitərəfli əməkdaşlıq daha da genişlənir: “Xüsusilə Özbəkistanın Ustyurt bölgəsindəki yataqların işlənməsi ilə bağlı birgə layihə böyük əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində Özbəkistan və Azərbaycan birgə müəssisə yaradaraq geoloji tədqiqatlar aparacaq və bu layihənin dəyəri 70 milyon dolları ötürəcək. Bundan başqa, iki ölkə arasında kimyəvi maddələr üzrə birgə müəssisələr də fəaliyyət göstərir. Həmçinin, Özbəkistan, Azərbaycan və Qazaxıstan arasında “yaşıl” enerji nəqliyyatı haqqında memorandum imzalanıb. Bu layihə ilə Özbəkistan və Qazaxıstandan istehsal olunan “yaşıl” enerji Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılacaq və sonradan Avropa İttifaqına satılacaq”.
O nəzərə çatdırıb ki, “yaşıl” enerji dəhlizi layihəsinin perspektivləri çox böyükdür: “Çünki Avropada elektrik enerjisinə tələbatın artması, eyni zamanda, Özbəkistan və Qazaxıstanda bərpa olunan enerji mənbələrindən istifadə ilə istehsal gücünün artırılması bu layihəni daha da əhəmiyyətli edir. Layihənin uğuru üçün enerji və logistika dəhlizlərinin inkişafı mühüm rol oynayacaq. Digər tərəfdən, layihədə iştirakçı ölkələrin sayı artır. Hazırda Bolqarıstan da Qara dəniz layihəsinə qoşulub və yaxın gələcəkdə “yaşıl” enerji dəhlizi layihəsinə digər ölkələrin də qatılacağı gözlənilir”.

