WUF13 inklüziv şəhər siyasətlərinin təşviqinə geniş imkan yaradacaq – Anar Quliyev (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem
şəhərində keçirilən COP30 çərçivəsində bir sıra tədbirlərdə iştirak
edir.

Komitədən Trend-ə verilən məlumata görə, noyabrın 14-də
keçirilən “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil
təminatı” mövzusunda yan tədbirdə çıxış edən Komitə sədri əlverişli
və davamlı mənzil təminatının insan hüquqlarının qorunması, iqlim
dayanıqlılığı və inklüziv inkişaf baxımından əhəmiyyətini
vurğulayıb.

Bildirilib ki, mənzillər həm iqlim dəyişikliyindən təsirləndiyi
kimi, həm də ona təsir göstərir. Buna görə şəhərsalma və tikinti
prosesləri ətraf mühitə təsirləri minimuma endirməli və icmaların
rifahını artırmalıdır.

O, həmçinin Azərbaycanın BMT-nin “Hər Kəs üçün Münasib Mənzil”
qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri kimi iqlim
aspektlərinin qlobal mənzil prinsiplərinə inteqrasiyasını təmin
edəcəyini də qeyd edib.




Anar Quliyev gələn il Bakıda keçiriləcək 13-cü Ümumdünya
Şəhərsalma Forumunun (WUF13) mənzil məsələsini iqlim dayanıqlılığı
və sosial inklüzivlik üzrə siyasətlərin əsas komponenti kimi
prioritetləşdirəcəyini bildirib. Forum aşağı karbonlu və dayanıqlı
tikinti təcrübələrinin genişləndirilməsinə, inklüziv şəhər
siyasətlərinin təşviqinə və Azərbaycanın innovativ şəhərsalma
təşəbbüslərinin – Bakının insanmərkəzli və iqlimədavamlı Baş
planının, azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış”
proqramının, eləcə də əlçatan mənzil layihələrinin təqdimatına
imkan yaradacaq.

“Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən
yol” adlı digər yan tədbirdə isə Komitə sədri COP29 zamanı təsis
olunan Koalisiyanın iqlimədavamlı və insanmərkəzli şəhərsalma üzrə
qlobal əməkdaşlıqda rolunu diqqətə çatdırıb. Bildirib ki, COP və
WUF-ların ev sahibləri – Misir, BƏƏ, Azərbaycan və Braziliyanın
əsas iştirakçısı olduğu və tərəfdaş ölkələrə açıq olan Koalisiya
kommunikasiya, uğurlu layihələrin təqdimatı, nazirlər səviyyəsində
davamlı dialoq və müxtəlif maraqlı tərəflərin prosesə cəlb olunması
istiqamətində fəaliyyət göstərir. Anar Quliyev Koalisiya vasitəsilə
gücləndirilmiş koordinasiyanın WUF13 çərçivəsində qlobal
öhdəliklərin yerli icrasını sürətləndirəcəyinə və təhlükəsiz,
inklüziv və dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcəyinə
inandığını vurğulayıb.

WUF13 üzrə milli koordinator olan Anar Quliyev eyni zamanda
bütün tədbir iştirakçılarını gələn il Bakıda keçiriləcək və
innovativ şəhərsalma sahəsində qlobal müzakirələr üçün nadir fürsət
yaradacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir