
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) reytinq şirkətləri ilə
yeni ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqlərinin əldə
edilməsi istiqamətində aktiv danışıqlar aparır.
Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
Bildirilib ki, alternativ maliyyə resurslarına çıxışı
asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya
fondları ilə əməkdaşlıq etməyi, həmçinin “Yaşıl” və “dayanıqlı”
maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR
Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları
üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk
şirkətdir. Vurğulanıb ki, bu reytinq SOCAR-ın əksər milli neft
şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu
göstərir.
“Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də
yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv
danışıqlar aparır”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, “S&P Global Ratings” qlobal kapital
bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə
ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin
reytinqləri investorlar və maliyyə institutlarının qərarları və
borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB
reytinqi, ötən səkkiz il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək
qiymətləndirmədir.
Bildirilib ki, son illərdə enerji bazarlarında müşahidə olunan
dəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəst
pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi
ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat
dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi
bu nəticələrin əldə olunmasını imkan yaradıb. Vurğulanıb ki,
S&P tərəfindən verilmiş “sabit” proqnoz SOCAR-ın mövcud maliyyə
göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və
uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı
əks etdirir.
“Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik
səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın
yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının
effektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsində
şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq “investisiya oluna
bilən səviyyə” kredit reytinqinə – BBB- (Fitch Ratings) və Baa3
(Moody’s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital
bazarlarında maliyyə sabitliyinin və etibarlılığının
göstəricisidir”, – məlumatda əlavə edilib.
Əlavə edək ki, “S&P Global Ratings” SOCAR-ın uzunmüddətli
emitent reytinqini BB səviyyəsinə yüksəldib.
SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların
miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol
oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların
yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin
artırılmasını təmin edib.

