
Bakı. Trend:
Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün
yeni imkanlar açaraq Orta Dəhlizin tranzit potensialını
genişləndirir.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu BU GÜN Daşkənddə Dünya İqtisadiyyatı
və Diplomatiya Universitetinin (DİDU) Beynəlxalq Perspektivli
Tədqiqatlar İnstitutunun (BPTİ ) elmi əməkdaşı, “Bilim karvoni”
qeyri-hökumət elmi təşkilatının eksperti Nargiza Umarova
jurnalistlərə açıqlamasında bildirib.
“Zəngəzur dəhlizi ölkələrimiz üçün əla imkandır, çünki biz – həm
Mərkəzi Asiya, həm də Cənubi Qafqaz – eyni istiqamətdə hərəkət
edərək öz tranzit potensialımızı reallaşdırmağa çalışırıq. Bu, Orta
Dəhlizin buraxıcılıq qabiliyyətini genişləndirəcək”, – deyə Umarova
qeyd edib.
Onun sözlərinə görə, yeni marşrutlar yüklərin bölüşdürülməsinə
imkan verəcək ki, bu da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, eləcə
də Xəzər və Qara dəniz limanlarına düşən yüksək yük fonunda
xüsusilə aktualdır. “Burada yük axınlarının bölgüsü baş verəcək və
Orta Dəhliz boyunca yerləşən ölkələr çox böyük həcmi qəbul edə
biləcəklər. Mərkəzi Asiya da öz tərəfindən bu tranzit potensialının
genişləndirilməsi üçün ciddi addımlar atır”, – deyə ekspert
vurğulayıb.
Umarova həmçinin layihənin Özbəkistan üçün əhəmiyyətinə diqqət
çəkib. “Özbəkistan üçün əsas məsələlərdən biri perspektivli
bazarlara, bu halda Avropa İttifaqına yükdaşımaların vaxtının
qısaldılmasıdır. Zəngəzur dəhlizi məhz bu məsafəni azaltmaq imkanı
yaradır. Bu, Özbəkistan üçün prinsipial məsələdir”, – deyə o
bildirib.
Ekspert xatırladıb ki, layihənin icrası ölkənin nəqliyyat
sahəsinin inkişaf strategiyasına tam uyğun gəlir. “O, 2030-cu ilə
qədər nəqliyyat sahəsinin inkişaf konsepsiyamızda da qeyd olunub.
Biz qarşımıza tranzit potensialımızın gücləndirilməsi, Özbəkistan
ərazisindən keçən tranzit daşımalarının ikiqat artırılması və
bununla əlaqədar bu daşımaların ucuzlaşdırılması kimi məqsədlər
qoymuşuq”, – deyə Umarova əlavə edib.
O vurğulayıb ki, Daşkənd təşəbbüsü fəal şəkildə dəstəkləyir.
“Təbii ki, Özbəkistanın bu təşəbbüsü ilk dəstəkləyənlərdən olması
təsadüfi deyil və təəccüblü də deyil – bu, müxtəlif formatlarda, o
cümlədən məsləhətləşmə görüşlərində, ŞƏT sammitlərində, Türk
Dövlətləri Təşkilatının sammitlərində açıq şəkildə ifadə olunur.
Buna görə də, hər zaman olduğu kimi, Özbəkistan Zəngəzur dəhlizinin
açılmasına dəstək mövqeyində qətiyyətlə dayanır”, – deyə ekspert
yekunlaşdırıb.

