Nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanları həlledici rol oynayırlar – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Ötən gün Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət
Orqanları Konfransının XXVII plenar iclasının keçirilməsi region
üçün sadəcə növbəti rəsmi toplantı deyildi. Bu tədbir həm siyasi,
həm təhlükəsizlik, həm də geostrateji mənada mühüm mesajlar ehtiva
edirdi. “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin
olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusuna həsr olunan
plenar iclas dəyişən qlobal nizamda nəqliyyat dəhlizlərinin
əhəmiyyətinin artdığı, rəqabətin isə daha gərgin xarakter aldığı
bir vaxtda baş tutdu.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“Azərbaycanın ev sahibliyi etdiyi bu toplantıda xüsusi xidmət və
kəşfiyyat orqanlarının rəhbərlərinin iştirakı beynəlxalq nəqliyyat
marşrutlarının qorunmasının artıq sırf iqtisadi məsələ deyil, milli
təhlükəsizlik prioriteti olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri,
general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan,
Qırğızıstanın xüsusi xidmət rəhbərləri və Macarıstandan gəlmiş
yüksək səviyyəli nümayəndə bu mövzunun əhatə dairəsinin təkcə türk
dünyası ilə məhdudlaşmadığını göstərir.

XXI əsrdə böyük dövlətlərin rəqabəti təkcə hərbi güc üzərində
qurulmur. Nəqliyyat dəhlizləri – limanlar, dəmir yolları, avtomobil
magistralları, hava bağlantıları və kommunikasiya xətləri – artıq
geosiyasi təsir alətlərinin ön sırasına keçib. Çünki bu dəhlizlər
enerji resurslarının, ticarət yüklərinin, strateji məhsulların və
informasiya axınının təhlükəsiz daşınmasını təmin edir.

Beynəlxalq nəqliyyat xətlərinə yönəlmiş təhdidlər də
diversifikasiyaya uğrayıb: beynəlxalq terror şəbəkələri kritik
infrastrukturun sıradan çıxarılmasını prioritet hədəf kimi görür,
transmilli mütəşəkkil cinayətkar qruplar marşrutlardan narkotik,
silah və qaçaqmal daşınması üçün istifadə etməyə çalışır,
kibertəhdidlər nəqliyyat sistemlərinin elektron idarəetməsini
hədəfləyir, hibrid hücumlar logistika zəncirinin müxtəlif
həlqələrini iflic etməyi məqsəd qoyur. Bu səbəbdən müasir dünyada
nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız sərhəd xidmətlərinin
məsuliyyəti deyil. Bu, xüsusi xidmət orqanlarının strateji
fəaliyyət sahəsinə çevrilib”, – o bildirib.

Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində biz düşmən
dövlətlər və separatçı qruplar tərəfindən Azərbaycan dövlətinə
qarşı nəqliyyat infrastrukturlarına yönəlmiş bir sıra terror
aktlarının həyata keçrildiyini xatırlamaq olar.

“Bakı Dəmir Yol Vağzalında Kislovodsk–Bakı sərnişin qatarında
törədilən partlayış, 19 mart 1994-cü il tarixində Bakı
metropoliteninin “20 Yanvar” stansiyasında baş vermiş terror aktı,
habelə Xankəndi yaxınlığında erməni terrorçuları tərəfindən İran
Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarənin vurulması,
3 iyul 1994-cü il tarixində Bakı metropoliteninin 28 May–Gənclik
stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış.
Bütün bunların məqsədi ictimaiyyət arasında qorxu və rəhbərliyə
inamsızlıq yaratmaq idi. Bütün bu hadisələrə baxmayaraq, Azərbaycan
Respublikasının xüsusi xidmət orqanları terror aktlarının
sifarişçilərini və icraçılarını müəyyən edərək məsuliyyətə cəlb
etmiş, ölkənin təhlükəsizliyini qorumaq və nəqliyyat xətlərini
müdafiə etmək istiqamətində əhəmiyyətli uğurlara imza atmışdır.
Ölkəmizə qarşı yönəlmiş terror aktları və sabitliyə qarşı təhdidlər
müstəqilliyin ilk illərindən başlayaraq planlı şəkildə həyata
keçirilib. Bugünkü dövrdə isə təhdidlər daha inkişaf etmiş,
kompleks və çoxşaxəlidir – hibrid, kiber və transmilli xarakter
daşıyır. Bu səbəbdən xüsusi xidmət orqanlarının məsuliyyəti yalnız
nəqliyyat xətlərini qorumaqla məhdudlaşmır, həm də milli
təhlükəsizliyin strateji tərkib hissəsini təşkil edir. Tarixi
təcrübə göstərir ki, güclü və koordinasiya olunmuş xüsusi xidmət
fəaliyyəti olmadan nəqliyyat infrastrukturunun təhlükəsizliyini
təmin etmək mümkün deyil”, – o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan coğrafi mövqeyi etibarilə
tarixi İpək Yolunun mərkəzi qovşaqlarından biridir.

“XXI əsrdə isə bu əlverişli coğrafiya yenidən qlobal
logistikanın əsas dayaqlarından birinə çevrilir. Bu gün Azərbaycan
bir neçə böyük beynəlxalq nəqliyyat marşrutunun ayrılmaz
hissəsidir. Bunlar Şimal–Cənub dəhlizi, Şərq–Qərb və ya Orta
Dəhliz, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı–Tbilisi–Qars
dəmir yolu, Transxəzər nəqliyyat şəbəkəsidir. Bu marşrutlar
vasitəsilə Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi körpü
rolunu daha da gücləndirir. Lakin ölkənin tranzit potensialı nə
qədər böyükdürsə, ona qarşı yönəlmiş risklər də bir o qədər çoxdur.
Bu səbəbdən Azərbaycan xüsusi xidmət orqanları nəqliyyat xətlərinin
təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən
biri kimi formalaşdırıb. Xankəndidə keçirilən plenar iclasda
general-polkovnik Əli Nağıyev məhz bu məsələyə toxunaraq bildirdi
ki, Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin
reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik
törətməyə çalışır.

Son illərdə beynəlxalq ticarət və logistika xəritəsində ən çox
müzakirə olunan layihələrdən biri Orta Dəhlizdir (Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutu). Bu marşrut Çin–Qazaxıstan–Xəzər
dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti üzrə Avropaya çıxış
yaradır. Ənənəvi Şimal və Cənub dəhlizləri ilə müqayisədə daha
qısa, daha təhlükəsiz və daha dayanıqlı alternativ hesab olunur.
Orta Dəhlizin qlobal əhəmiyyəti bir neçə amillə xarakterizə olunur.
Məsələn, bu dəhliz Avropa və Asiyanın ticarətində yeni nəfəsdir,
Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsündə strateji mövqeyə malikdir,
Geosiyasi sabitlik baxımından Azərbaycana mühüm üstünlük
qazandırır, münaqişə risklərinin daha aşağı olduğu istiqamət kimi
Avropaya, Çinə və Mərkəzi Asiyaya alternativ kimi təqdim edilir”, –
o bildirib.

A.Qarayev qedy edib ki, Azərbaycan Orta Dəhlizin ən kritik
qovşağıdır: yüklərin böyük hissəsi Bakı limanı və BTQ dəmir yolu
xətti ilə məhz Azərbaycan üzərindən daşınır. Bu, ölkəyə həm
iqtisadi gəlir, həm də geosiyasi təsir imkanları qazandırır. Lakin
bu rol həm də yeni risklərin yaranması deməkdir. Xüsusilə logistika
zəncirini hədəf alan təhdidlərə qarşı xüsusi xidmət orqanlarının
hazırlığı və əməkdaşlığı həyati əhəmiyyət daşıyır.

“Plenar iclasda Əli Nağıyev xüsusi olaraq Zəngəzur dəhlizi
barədə danışdı. Orta Dəhlizin mühüm tərkib hissəsi olan bu yol
Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə
ilə birləşdirəcək. Bu dəhliz həm Azərbaycan üçün, həm də bütün
region üçün “oyun dəyişdirən” layihə hesab olunur. Lakin tədbirdə
vurğulandığı kimi, bir sıra destruktiv mərkəzlər bu dəhlizin
reallaşmasına mane olmağa çalışır. Deyə bilərik ki, maneələr
müxtəlif formada özünü göstərir. Buraya siyasi təzyiqlər və
informasiya manipulyasiyaları da daxildir. Bu təhlükələr Zəngəzur
dəhlizinin açılmasını yalnız iqtisadi məsələ yox, milli
təhlükəsizlik məsələsinə çevirir. Bu səbəbdən Xankəndidə keçirilən
iclasda xüsusi xidmət orqanları arasında koordinasiyanın
gücləndirilməsi, məlumat mübadiləsinin intensivləşdirilməsi və
hibrid təhdidlərə qarşı birgə mexanizmlərin təşkili xüsusi
vurğulandı.

Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyini təmin edən
mexanizmlərin böyük hissəsi ictimaiyyət üçün görünmür. Bu sistemin
əsas dayağı isə xüsusi xidmət orqanlarıdır. Onların fəaliyyət
istiqamətləri çoxşaxəlidir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti,
potensial təhdidlərin əvvəlcədən aşkar edilməsi, xarici qrupların
sabotaj planlarının zərərsizləşdirilməsi, kritik infrastruktura
yönələn hücumların qarşısının alınması, terror və transmilli
cinayətkarlığa qarşı mübarizə, narkotik və silah qaçaqmalçılığının
qarşısının alınması, müasir nəqliyyat sistemləri rəqəmsallaşdıqca
kibertəhlükələr də artdığı üçün logistika sistemlərinin idarəetmə
platformalarının qorunması, liman və dəmir yolu infrastrukturunun
kibermüdafiəsi, məlumat bazalarına hücumların qarşısının alınması
və sair. Təhlükənin coğrafiyası genişdirsə, onun qarşısı yalnız
birgə səylə alına bilər. Türk dövlətləri arasında məlumat
mübadiləsi, operativ əlaqə və birgə əməliyyat imkanlarının
genişləndirilməsi plenar də bunun üçün mühüm addımdır”, – o
bildirib.

Politoloq vurğulayıb ki, hazırda qlobal siyasətdə yeni dönəm
başlayıb. Dünya iqtisadiyyatı daha çox Asiya mərkəzli olmaqda,
logistika isə qlobal güc balansının əsas elementinə
çevrilməkdədir.

“Bu şəraitdə Orta Dəhliz daha da genişlənməli, Zəngəzur dəhlizi
açıldıqdan sonra türk dünyası logistika baxımından vahid məkan
halına gəlməlidir. Bu xüsusda, Azərbaycan qitələrarası tranzitin
açar qovşaqlarından biri olaraq rolunu daha da möhkəmləndirəcək.
Xankəndi toplantısı da bu mənada çox önəmli bir hadisədir.
Regiondakı bütün dövlətlər üçün təhdidlərin xarakteri dəyişsə də,
bir məsələ dəyişməz qalır: xüsusi xidmət orqanlarının rolu
nəqliyyat xətlərinin təhlükəsizliyində həlledicidir.

Ümumilikdə, Xankəndidə keçirilən plenar iclas göstərdi ki,
nəqliyyat dəhlizlərinin təhlükəsizliyi təkcə iqtisadiyyatın deyil,
həm də dövlətlərin suverenliyinin, regional sabitliyin və
beynəlxalq əməkdaşlığın ayrılmaz hissəsidir. Bu sahədə
təhlükəsizlik orqanlarının üzərinə düşən məsuliyyət hər zamankından
daha böyükdür. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm
öz milli maraqlarını qoruyur, həm də türk dünyasının strateji
inteqrasiyasına töhfə verir. Orta Dəhliz, Zəngəzur dəhlizi və digər
nəqliyyat marşrutlarının təhlükəsiz fəaliyyətinin təmin olunması
regionun gələcək inkişafının əsas şərtidir və bu istiqamətdə
aparılan koordinasiya olunmuş xüsusi xidmət orqanlarının
əməkdaşlığı qlobal təhlükələrə qarşı ən effektiv cavab
mexanizmidir”, – A.Qarayev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir