
Bakı. Trend:
14 noyabr tarixində Gəncə İdman Sarayında start götürən aerobika
gimnastikası üzrə Avropa çempionatı davam edir.
Trend xəbər verir ki, 18
ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə
təsnifat mərhələsi baş tutub. İdmançılar qarışıq cütlük, üçlük,
qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində
çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli
komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir
Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə
vəsiqə qazanıb.
Yarışın ikinci günündə, həmçinin komanda hesabında
mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya,
3-cü yerdə İspaniya komandası qərarlaşıb.
Qalibləri təbrik edir, sabahkı final mərhələsində bütün
gimnastlara uğurlar arzulayırıq!

