
Bakı. Trend:
Cari ilin ilk 9 ayında İtaliyanın qlobal miqyasdakı ixracı əsas
Avropa istehsal iqtisadiyyatlarından daha çox artıb.
Trend xəbər verir ki, bu
barədə İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatında
deyilir.
Bildirilir ki, hesabat dövründə ixracdakı müsbət artım
tendensiyası davam edib – 3,5 faizlik göstərici qeydə alınıb.
Avropa İttifaqı ölkələrinə ixrac 4,5 faiz, Aİ-yə daxil olmayan
ölkələrə isə 2,4 faiz artıb. İtaliyanın ixracı aylıq müqayisədə
keçən ilin sentyabr ayına görə 10,5 faiz artıb. Ticarət profisiti
35,3 milyard avro təşkil edib.
ABŞ-a ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz
təşkil edib. Tariflərə baxmayaraq, İtaliyanın Amerika bazarındakı
payı 2024-cü illə müqayisədə 6,9 faiz artıb, bu göstərici də
Almaniyadan (-7 faiz), Fransadan (-4 faiz) və İspaniyadan (-9 faiz)
daha yaxşıdır. Bu artım bütün sektorları əhatə edib.
“Geosiyasi qeyri-müəyyənliklərə və tariflərə baxmayaraq,
ixracımızın müsbət trayektoriyası nazirliyin Fərdi İxrac Fəaliyyət
Planının diversifikasiyası və inkişaf məqsədləri çərçivəsində
İtaliya şirkətlərinin xarici bazarlardakı dinamizmini əks etdirir”,
– deyə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyinin ixrac göstəriciləri ilə bağlı şərhində bildirilir.

