
Daşkənd. Trend:
Bu gün biz Mərkəzi Asiyanın tarixi dirçəlişinin
astanasındayıq.
Trend-in xüsusi
müxbirir xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə bildirib.
“Müdafiə nazirliklərinin rəhbərləri, xüsusi xidmət orqanlarının
rəhbərləri və sənaye, kənd təsərrüfatı, ekologiya və mədəniyyət
nazirləri ilk görüşlərini keçiriblər. Daşkənddə Orta Asiya Qadın
Liderləri Dialoqu uğurla keçirilib. Bütün bunlar regional
tərəfdaşlıq üçün institusional əsasların və mexanizmlərin sistemli
şəkildə inkişaf etdirildiyini əyani şəkildə nümayiş etdirir”, –
deyə o bildirib.
Özbəkistan Prezidenti qeyd edib ki, mürəkkəb və gözlənilməz
beynəlxalq siyasi proseslər fonunda birliyimizin və qarşılıqlı
dəstəyimizin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Əminəm ki, bu gün Mərkəzi Asiya üçün tarixi bir dirçəlişin
astanasındayıq. Əməkdaşlığımızın institusional əsaslarını daha da
gücləndirmək və təhlükəsizlik və davamlı inkişaf problemlərinə
qarşı koordinasiyalı cavab hazırlamaq vəzifəsini özümüzə qoymuşuq.
10-20 il sonra regionun necə görünməsini istədiyimizi dəqiq başa
düşmək vacibdir. Bu baxımdan bir sıra təkliflər irəli sürmək
istərdim.
Birincisi, qarşılıqlı fəaliyyətimiz üçün mexanizmlərin və hüquqi
çərçivənin daha da təkmilləşdirilməsi fundamental əhəmiyyət kəsb
edir. Görüşlərimiz regional dialoqun məsləhət formatından Mərkəzi
Asiya icması üçün strateji formata çevrilməlidir. Bu məqsədə çatmaq
üçün formatın institusional və təşkilati əsaslarının ardıcıl olaraq
gücləndirilməsini təmin edən məsləhət görüşləri haqqında qayda
hazırlamağı təklif edirik”, – deyə o bildirib.
Ş.Mirziyoyev həmçinin rotasiya əsasında fəaliyyət göstərən
katibliyin yaradılmasını və milli koordinatorun statusunun xüsusi
prezident nümayəndələri statusuna qaldırılmasını təklif etdi.
“Bundan əlavə, dəyərlərimizə və ictimai diplomatiya
ənənələrimizə əsaslanaraq, geniş həyat təcrübəsi olan nüfuzlu
ictimai xadimlərdən ibarət Ağsaqqallar Şurasının yaradılmasını
məqsədəuyğun hesab edirik. İnanırıq ki, bu, nəsillər arasında
unikal əlaqələrimizin möhkəmləndirilməsinə, eləcə də regional
həmrəyliyin və kimliyin gücləndirilməsinə töhfə verəcək”, – deyə o
bildirib.

