Bakı və Daşkənd arasında əməkdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib – Siyasi şərhçi

Baş səhifə

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi iki ölkə arasında formalaşmış möhkəm əməkdaşlıq təməlinin yenidən qiymətləndirilməsi üçün mühüm tarixi mərhələdir. Son üç onillikdə tərəflər arasında əlaqələr sabit, ardıcıl və çoxşaxəli inkişafı ilə seçilib.

Bunu APA-ya açıqlamasında Özbəkistanın Xarici Siyasət Araşdırmaları Mərkəzinin əməkdaşı, siyasi şərhçi Haşımova Şahodat deyib.

Siyasi şərhçinin fikrincə, bu münasibətlərin əsasını tarixi yaxınlıq, ortaq mədəni dəyərlər və regional məsələlərə dair oxşar baxışlar təşkil edir: “Məhz bu baza Azərbaycan–Özbəkistan əlaqələrinin bu gün strateji əhəmiyyət daşıyan və müttəfiqlik səviyyəsinə yüksəlmiş tərəfdaşlığa çevrilməsinə imkan verib. Son illərdə iki ölkə arasında siyasi dialoq daha da intensivləşib. Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin qarşılıqlı diqqəti və siyasi iradəsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsində həlledici rol oynayır. Bu dinamika həm siyasi, həm də iqtisadi, investisiya və nəqliyyat sahələrində real nəticələr doğurur.”

“Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın dərinləşməsi təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni körpülərin yaranmasına xidmət edir. İqtisadi və logistika əlaqələrinin genişlənməsi makroregionun dayanıqlığının möhkəmlənməsinə, uzunmüddətli perspektivdə isə sabitlik və inkişaf üçün əlavə imkanların yaranmasına səbəb olur. Bu fonda Prezident İlham Əliyevin Özbəkistana qarşıdakı səfəri ikitərəfli münasibətlərə yeni dinamika verəcək növbəti mühüm addım kimi qiymətləndirilir. Gözlənilir ki, səfər əməkdaşlığın regional səviyyədə daha da genişlənməsinə və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə ciddi töhfə verəcək,” deyə o, fikrini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir