
Daşkənd. Trend:
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya
Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci
Məşvərət Görüşü keçirilib.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, sammitdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan
Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Serdar
Berdiməhəmmədov iştirak ediblər.
Görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Azərbaycan Respublikasının məşvərətçi görüşlər formatına tamhüquqlu
iştirakçı kimi qoşulduğunu elan edib.
“Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü
quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol
açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı
əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul
etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü
bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində
qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”,
deyə Şavkat Mirziyoyev bildirib.
Qeyd edək ki, görüşün gündəliyinə regional əməkdaşlığın daha da
gücləndirilməsi, prioritet sahələrdə birgə layihə və təşəbbüslərin
həyata keçirilməsi, regional və beynəlxalq siyasətin cari
məsələləri barədə fikir mübadiləsi məsələləri daxil olub.
Xatırladaq ki, region liderlərinin müntəzəm məsləhətləşmə
görüşlərinin keçirilməsi təşəbbüsü Şavkat Mirziyoyev tərəfindən
2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci
sessiyasında irəli sürülüb. Özbəkistanın sədrliyi dövründə bu
formatda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çox
böyük tədbir keçirilib.

