
Daşkənd. Trend:
Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb.
Trend-in
Özbəkistana ezam olunan xüsusi müxbirinin məlumatına görə, bunu
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə
Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan”
formatında 7-ci Məşvərət Görüşü çərçivəsində jurnalistlərlə
söhbətində deyib.
H. Hacıyev qeyd edib ki, bundan sonra Azərbaycanın xarici
siyasətinin üfüqləri genişlənir.
“Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən
Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya
ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq
regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün
bunlar Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan
üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin
yürüdülməsinə əsas yaradır”.
H.Hacıyev vurğulayıb ki, bu səbəbdən də bu format Azərbaycanla
Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik
əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi,
ticari, mədəni, humanitar əlaqələrin, həmçinin də
nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və
fürsətlər vəd edir.
Zəngəzur dəhlizi də bu gün formalaşmaqda olan yekun qərar qəbul
edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi,
ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və
perspektivlər vəd edir.”

