
Bakı. Trend:
Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının
(WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya
İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration
2025) keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata
görə, 60-dan artıq ölkədən 500-dən artıq nümayəndənin iştirak
etdiyi tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və
sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal
inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etmək
olub.
Qlobal Gənclər Sammitinin açılış mərasimində Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Saməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison
Zavazava çıxış ediblər.
Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə də
kosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinin
inkişafında rolunun vacibliyi vurğulanıb.
Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyası
keçirilib. Burada BTİ-nin altı regional nümayəndəliyindən və
Azərbaycandan olan gənclər fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində Milli Aviasiya Akademiyasında, Azərkosmosun
KOSMİK Akademiyasında və STEAM İnnovasiya Mərkəzində interaktiv
sessiyalar, seminarlar və dialoqlar təşkil olunub.
Milli Aviasiya Akademiyasında gənc peşəkarlar üçün İKT
vasitəsilə bərabər imkanların yaradılmasına həsr olunmuş interaktiv
sessiya keçirilib. Simulyatorlara, aerokosmik laboratoriyalara və
aviasiya texnologiyaları mərkəzinə texniki ekskursiya təşkil
edilib.
Azərkosmosun KOSMİK Akademiyasında ali məktəb tələbələri üçün
“Beynəlxalq Kosmik Stansiya (ISS) ilə telekommunikasiyanın
qurulması” seminarı keçirilib. Seminarda tələbələr öz orbital
antenlərini yığaraq Beynəlxalq Kosmik Stansiya ilə canlı rabitə
qurmağı öyrəniblər.
STEAM İnnovasiya Mərkəzində astronavtlarla – Alper Gezeravcı
(Türkiyənin ilk astronavtı), Tuva Cihangir Atasever (Türkiyənin
ikinci astronavtı), Dumitru-Dorin Prunariu (Rumıniyanın ilk
astronavtı) interaktiv panel baş tutub. Panel müzakirəsi kosmik
tədqiqatlarda telekommunikasiyanın roluna həsr olunub və imza
sessiyası ilə başa çatıb.
Tədbir günü “Hilton” otelində keçirilmiş mədəni və nəsillərarası
şəbəkələşmə görüşü ilə yekunlaşıb. Bu görüş “WTDC-25”
iştirakçılarını, gənc peşəkarları və ictimaiyyətin tanınmış
simalarını bir araya gətirərək əməkdaşlıq və dialoqun inkişafına
şərait yaradıb.

