
Bakı. Trend:
Gədəbəy rayonunda aktiv hasilat fəaliyyəti aparan Azərbaycan
İnterneyşnl Mayninq Kompani Limited Şirkəti – “Azerbaijan
International Mining Company Limited” (bundan sonra AIMC) yerli
icmaların sosial-iqtisadi inkişafına dəstək məqsədilə sosial
təşəbbüslərin icrasını uğurla davam etdirir.
2025-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində AIMC yerli
icmalarla işin təşkili, yerli əhalinin sosial rifahının
yaxşılaşdırılmasına dəstək, təhsilin inkişafına töhfə, səhiyyə,
idman və infrastrukturun təkmilləşdirilməsi sahələrində müxtəlif
miqyaslı ümumilikdə 21 sosial layihənin icrasını həyata
keçirib.
Qeyd edək ki, AIMC Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur və
Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra qızıl, mis və
polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında saziş əsasında Azərbaycanda
fəaliyyət göstərən “R.V. Investment Group Services, LLC”-nin
(Şirkət) operatorudur və bu istiqamətlər üzrə fəaliyyətin birbaşa
icrasını həyata keçirir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 21 iyun 2024-cü
il tarixində təsdiq edilən Qanuna əsasən hasilatın pay bölgüsü
haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti 2024-cü ilin
iyun ayının 21-dən etibarən “AzerGold” QSC-yə həvalə edilib.
Saziş şərtlərinə əsasən, “AzerGold” QSC Şirkətə fəaliyyətin
səmərəli təşkili, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi
istiqamətində dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın təmin
edilməsi, geoloji kəşfiyyat, hasilat, istehsalat fəaliyyəti, ətraf
mühitin mühafizəsi ilə yanaşı, yerli icmalarla işin təşkili və
korporativ sosial məsuliyyət istiqamətlərində də dəstək
göstərir.
“AzerGold”un bilavasitə dəstəyi nəticəsində qeyd edilən
fəaliyyət istiqamətləri çərçivəsində qısa müddət ərzində ciddi
nəticələr əldə olunub.
AIMC hesabat dövründə ucqar yaşayış məntəqələrində təhsil
infrastruktununun inkişafına dəstək istiqaməti üzrə Gədəbəy
rayonunun Söyüdlü kənd orta məktəbinin həyətində yerləşən
ikisinifli məktəb binasının və digər köməkçi tikililərin əsaslı
təmir-bərpa işləri və məktəb üçün 1 ədəd kitabxananın inşası işləri
həyata keçirilib.
Söyüdlü və Qaradağ kəndlərində yerli əhalinin gündəlik həyat
şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması
məqsədilə ümumi uzunluğu 18,5 kilometr təşkil edən kənddaxili
yolların təmiri və bərpası üzrə işlər görülüb.
Torpaq yollarda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma
işləri aparılıb. Yerli sakinlərin müraciəti əsasında Gədəbəy
rayonunun Söyüdlü kəndinə aid təxminən 4 km uzunluğunda olan, sel
sularının zərər vurduğu örüş yollarında dolğu materialı ilə
bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gədəbəy
rayonunda uşaqlar arasında profilaktik müayinə mədəniyyətini,
sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə əsasən aztəminatlı və
sosial ehtiyacı olan ailələrin azyaşlı övladları üçün göz müayinəsi
aksiyası təşkil edilib.
Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkar olunaraq, müvafiq
müalicə kursları təyin edilib.
Cari ilin 10 ayı ərzində əlamətdar günlər çərçivəsində Gədəbəy
şəhəri də daxil olmaqla, Arıqdam, Söyüdlü, Qaradağ, Xarxar kəndləri
və Qumlu yaşayış sahəsi ərazisində yaşayan aztəminatlı əhalinin
sosial rifahının dəstəklənməsi məqsədilə 500 ailəyə ümumilikdə
2000-dən artıq ərzaq bağlaması paylanılıb.
Yerli gənclərin sosial aktivliyinin artırılması və sağlam həyat
tərzinin təşviqi məqsədilə AIMC tərəfindən regionda idman və
intellektual yarışlar təşkil edilib.
Eləcə də Gədəbəy rayonunda yaşayan gənclərin müxtəlif yerli və
beynəlxalq idman turnirlərində iştirakına sponsor dəstəyi
göstərilib.
Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların – şəhidlərin
ailələrinə diqqət və qayğı AIMC-nin sosial məsuliyyət yanaşmasında
əsas yer tutur.
Zəfər Günü münasibətilə şəhid ailələrinin Şuşa və Xankəndinə
səfəri təşkil edilib, onlara mənəvi dəstək göstərilib və
qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib.
Bununla yanaşı, ötən dövr ərzində yerli icmalarla səmərəli
əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar
atılıb.
Bu çərçivədə əhali ilə mütəmadi görüşlər təşkil olunub, onların
təklif və problemlərinin dinlənilməsi, eləcə də sosial
təşəbbüslərin icrasında ictimai iştirakçılığın artırılması təmin
edilib.
Eyni zamanda, şirkət tərəfindən əvvəlki və yeni sosial layihələr
sistemləşdirilərək, icmaların ehtiyaclarına uyğun prioritet
istiqamətlər müəyyənləşdirilib.
Ötən dövr ərzində 433 vətəndaş müraciəti mövcud qanunvericilik
və səlahiyyətlər çərçivəsində həll edilməsi üçün icraata
götürülüb.
AIMC şirkəti fəaliyyət göstərdiyi regionlarda yerli strukturlar
ilə birlikdə icmaların inkişafına yönəlmiş sosial layihələrin
icrasını davamlı şəkildə həyata keçirir.
Şirkət sosial məsuliyyət layihələrini icmanın ehtiyacları və
dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırır.
Gələcək dövrdə AIMC tərəfindən Gədəbəy rayonunda sosial
infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə sahələrinə
dəstəyin genişləndirilməsi, eləcə də yerli icmaların rifahının
yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin icrası
planlaşdırılır.

