
ABŞ-ın dünyaca nüfuzlu Yel Universiteti bu il də World Scholars Cup – Çempionlar Turnirinə ev sahibliyi edib. Dünyanın 60-dan çox ölkəsindən ən istedadlı şagirdləri bir araya gətirən qlobal akademik yarışda Azərbaycanı Avropa Azərbaycan Məktəbi təmsil edib.
Şagirdlər yüzlərlə komanda arasında fərqlənərək dünya üzrə ən güclülər sırasında yer alıblar. Məktəblilər qazandıqları uğura görə Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchiniə təşəkkür ediblər.
Turnir müddətində EAS komandası debatlarda, kollektiv yazı mərhələsində, Scholars Bovl yarışında və fənn üzrə “celnc” proqramlarında iştirak edərək yüksək nəticələr göstərib. Uğurlu nəticələrə görə məktəb komandasına müxtəlif nominasiyalar üzrə qızıl və gümüş medallar təqdim olunub.
Qeyd edək ki, səfər çərçivəsində EAS şagirdləri MIT və Harvard Universitetində də akademik turlarda iştirak ediblər. Onlar qabaqcıl laboratoriyaları, tədqiqat mərkəzlərini və tarixi kampus məkanlarını araşdıraraq gələcək təhsil hədəfləri üçün yeni ilham alıblar. Bu universitetlərin tədris imkanları və qlobal elmi mühiti şagirdlər üçün xüsusi motivasiya mənbəyinə çevrilib. Yel Universitetində keçirilən qlobal mərhələdə iştirak şagirdlər üçün həm böyük təcrübə, həm də unudulmaz akademik səyahətdir. Onların zəhməti, əzmkarlığı və beynəlxalq arenadakı uğurlu çıxışları məktəbin təhsildə mükəmməllik strategiyasının növbəti göstəricisidir.
Beləliklə, Avropa Azərbaycan Məktəbinin World Scholars Cup – Çempionlar Turnirindəki iştirakı bir daha göstərdi ki, Azərbaycan şagirdləri qlobal akademik yarışlarda yüksək rəqabət qabiliyyətinə malikdir və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər.
Fərid Yusifov

