Azərbaycan və İran rəqəmsal sahədə əməkdaşlıq haqda Memorandum imzalamağı planlaşdırır – Nazir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İran rəqəmsal sahədə əməkdaşlıq haqda memorandum
imzalamağı planlaşdırır.

Bunu Trend-ə bu
gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı
(“WTDC-25”) çərçivəsində İranın Rabitə və İnformasiya
Texnologiyaları naziri Seyid Səttar Haşimi müsahibəsində
bildirib.

“Yaxın zamanda rəsmi əməkdaşlığın rəsmiləşdirilməsi
istiqamətində addımlar atılacaq: nazir Rəşad Nəbiyev bizimlə iki
ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın genişləndirilməsi,
memorandumun imzalanması və sıx qarşılıqlı fəaliyyət üçün birgə
işçi qrupunun yaradılması məsələlərini müzakirə edir. Bu
istiqamətdə addımları davam etdiririk”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, son illərdə Azərbaycanın informasiya və
kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi
nailiyyətlər xüsusilə nəzərəçarpandır.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Bakıda formalaşmış İKT
ekosistemi, həmçinin Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU)
müxtəlif sektorlarda həyata keçirdiyi işlər region üçün mühüm
əhəmiyyət daşıyır.




O vurğulayıb ki, rəqəmsal sahədə görülən işlərin müzakirəsi üçün
ITU nümayəndə heyətlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın bu
istiqamətdə əldə etdiyi ciddi tərəqqinin göstəricisidir.

“Azərbaycanın inkişaf tempi çox yüksəkdir və biz inanırıq ki,
bu, insanlar üçün çox müsbət perspektivlər açır. Azərbaycan bizə
dost ölkədir. Mədəni yaxınlıq, ortaq dəyərlər əməkdaşlığımızı daha
da möhkəmləndirir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və İran arasında
bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur:

“Layihələrdən biri bilik və təcrübə mübadiləsini, digəri isə
sərhəd zonasındakı tezliklərin uyğunlaşdırılması və maneələrin
aradan qaldırılması istiqamətində əməkdaşlığı əhatə edir. Sərhəd
bölgəsində mobil operatorlar arasında tezlik maneələri problemi
uzun illər mövcud olub və tərəflər hazırda onun konstruktiv həllinə
doğru irəliləyirlər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir