Azərbaycan “Destination Azerbaijan” mesajını Çində genişləndirməyə hazırlaşır

Baş səhifə

Bakı.Trend:

Mədəni mübadiləmiz təkcə turizm və nəqliyyatla məhdudlaşmır,
insanların bir-biri ilə əlaqələrinin inkişafı kimi ən vacib
istiqaməti də əhatə edir.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox
turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə
keçirilən “China Visitors Summit”də Azərbaycan Turizm Bürosunun
İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.

O qeyd edib ki, artıq qeyd olunduğu kimi, Çin bu gün dünyada ən
böyük xarici turizm bazarıdır. Azərbaycanın bu geniş bazardakı payı
isə davamlı şəkildə artır və potensialımız həqiqətən böyükdür:
“Qarşılıqlı vizasız rejim şübhəsiz ki, bu artımı dəstəkləyən əsas
faktorlardan biridir. Bu, Azərbaycanı Çinli turistlər üçün üstün
turizm istiqaməti kimi mövqeləndirmək baxımından bizə unikal imkan
yaradır”.

O vurğulayıb ki, Azərbaycanı tanıtmaqla yanaşı, yerli turizm
partnyorlarımızın Çinli səyahətçilərin spesifik tələblərinə tam
hazır olmasını təmin etmək də vacibdir:

“Bütün turizm dəyər zənciri boyunca gözləntilər aydın şəkildə
müəyyən olunub: peşəkar çin dili bilən bələdçilərdən tutmuş ölkə
daxilində rahat istiqamətləndirməyə, müasir və komfortlu otellərə,
rahat ödəniş sistemlərinə və onların zövqlərini əks etdirən qida
seçimlərinə qədər artıq mühüm addımlar atmışıq”.




Zenqstşmid deyib ki, 2018-ci ildə Azərbaycan Turizm Bürosu
yaradıldığı vaxtdan bəri biz Çində turizm və media sektorlarında
geniş və güclü tərəfdaş şəbəkəsi qurmaq üçün ardıcıl fəaliyyət
göstəririk:

“Bu il dünyanın aparıcı onlayn turizm xidmətləri
təminatçılarından biri olan Trip.com Group tərəfindən iki nüfuzlu
mükafata layiq görülməyimiz bizim üçün böyük qürur mənbəyidir.
Keçən həftə İstanbulda həmin mükafatlardan birini şəxsən almaq
şərəfinə nail oldum. Bu, Azərbaycanın Çin bazarındakı mövqeyinin
güclənməsində və münasibətlərin inkişafında əldə etdiyi davamlı
irəliləyişi göstərir”.

F. Zenqstşmid əlavə edib ki, bu tərəfdaşlıqları Trip.com, Qunar,
Fliggy kimi əsas platformalarla əməkdaşlığımızı genişləndirməklə,
həmçinin WeChat, Douyin, Weibo və Xiaohongshu kimi sosial
platformalarda lokal kampaniyalarla daha da dərinləşdiririk.

“Bu il Çinin altı şəhərini əhatə edən iki böyük roadshow,
müxtəlif bölgələrdə dörd təqdimat seminarı və həm turizm
şirkətlərinin nümayəndələri, həm də jurnalistlər üçün tanışlıq
səfərləri təşkil etdik.

Gələcək planlarımıza gəlincə, 2026-cı ilin əvvəlində Çində
ofisimizin açılması xüsusi əhəmiyyət daşıyan bir addım olacaq. Bu,
şübhəsiz ki, bizim həmin bazardakı mövcudluğumuzu daha da
gücləndirəcək, fəaliyyətimizi intensivləşdirəcək və “Destination
Azerbaijan” mesajını daha geniş auditoriyaya çatdırmağa imkan
verəcək”, – o fikrini tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir