
Bakı. Trend:
“STEAM Azərbaycan” layihəsi 300 mindən çox şagird, 400-dən çox
məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris
olunur.
Trend xəbər
verir ki, bu fikirləri bu gün “STEAM Azərbaycan” layihəsinin
rəhbəri İqrar Nəzərov STEAM Azərbaycan Festivalının (SAF 2025)
açılışında deyib.
Layihə rəhbəri bildirib ki, başlanğıcda 41 məktəb və 60 şagirdi
əhatə edən layihə genişlənməkdədir və hazırda 400-dən çox
ümumtəhsil müəssisəsində STEAM tədris olunur:
“Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. STEAM tədrisinə
və STEAM məzmununun yaradılmasına başlayarkən ilk prioritetlərdən
biri də bu qısa müddətdə təhsilin ixracı olub. Artıq Qazaxıstan,
Özbəkistan və Türkmənistanda STEAM layihələrinin təlimlərinə və
eyni zamanda, iki STEAM İnnovasiya Mərkəzinin qurulmasına nail
olunub”.
İ.Nəzərov əlavə edib ki, festivalın final mərhələsinə 1400-dən
çox iştirakçı vəsiqə qazanıb, onlardan 202 nəfəri xarici
ölkələrdəndir. Ümumilikdə isə festivalda Azərbaycanla birgə 22 ölkə
təmsil olunur.

