
Bakı. Trend:
Silk Way Group şirkətlər qrupunun baş ofisində regionun aparıcı
yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines və
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC arasında poçt
logistikası, hava nəqliyyatı və elektron ticarət daşımaları
sahələrində tərəfdaşlığı gücləndirmək məqsədilə əməkdaşlıq
memorandumunun imzalanma mərasimi keçirilib.
Razılaşma beynəlxalq və daxili yükdaşımalar, poçtun
çeşidlənməsi, anbar xidmətləri və logistikanın optimallaşdırılması
kimi istiqamətlərdə strateji əməkdaşlıq çərçivəsini müəyyən edir.
Hər iki tərəf təcrübə və infrastruktur imkanlarını birləşdirərək,
poçt və yük axınlarının səmərəliliyini həm Azərbaycan daxilində,
həm də beynəlxalq miqyasda artırmağı hədəfləyir.
Memoranduma əsasən, Azərpoçt beynəlxalq poçt və elektron ticarət
bağlamalarının Bakıya və digər istiqamətlərə daşınması üçün Silk
Way West Airlines şirkətinin qlobal uçuş şəbəkəsindən istifadə
edəcək. Nəticədə Silk Way West Airlines daşımaların həcmini
artırmaq imkanı əldə edəcək, Azərpoçt isə ölkə daxilində çeşidləmə,
emal və son ünvana çatdırılma xidmətlərini həyata keçirəcək.
Eyni zamanda, bu əməkdaşlıq hər iki tərəfin birgə logistika
həlləri və müasir paylama modellərinin tətbiq etməyi
planlaşdırdıqları Ələt Azad İqtisadi Zonasında yeni imkanlar
yaradacaq. İlkin mərhələ çərçivəsində bütün poçt və e-ticarət
bağlamalarının emalı üçün 12.000 kvadratmetr sahəsi olan tam
avtomatlaşdırılmış e-ticarət terminalının yaradılması nəzərdə
tutulur ki, bu da regional miqyaslı logistika əməliyyatlarının
əsasını formalaşdıracaq.
Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar
Məmmədov qeyd edib: “Bu əməkdaşlıq Azərbaycanın poçt və logistika
infrastrukturunun inkişafında mühüm mərhələdir. Azərpoçt ilə
birləşərək biz e-ticarət logistikasında imkanlarımızı daha da
genişləndirməyi və Ələt Azad İqtisadi Zonasının regional və qlobal
yük axınları üçün əsas mərkəzə çevrilməsinə töhfə verməyi
hədəfləyirik.”
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən
İsi Mustafayev bildirib: “Silk Way West Airlines ilə əməkdaşlığımız
beynəlxalq poçt əməliyyatlarının səmərəliliyini və sürətini
əhəmiyyətli dərəcədə artıracaq, müştərilərimizə həm ölkə daxilində,
həm də xaricdə daha çevik və etibarlı çatdırılma xidmətləri təqdim
etməyə imkan verəcək. Gələcəkdə Silk Way West Airlines və Azərpoçt
rəqəmsal, əməliyyat və infrastruktur layihələri vasitəsilə
əməkdaşlığı daha da dərinləşdirməyi, Azərbaycanın Şərqlə Qərbi
birləşdirən mərkəzi logistika qovşağına çevrilməsi məqsədini
dəstəkləməyi planlaşdırır”.
Silk Way West Airlines haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda
qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq
Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük
təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə
hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik
prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər
donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F
təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB,
Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə
yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük
dövriyyəsini idarə edir.
Azərpoçt haqqında
Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC
ölkə əhalisinin bütün təbəqələrinə və biznes subyektlərinə münasib
tariflərlə poçt, e-ticarət və maliyyə xidmətləri təqdim edir.
1000-dən çox poçt şöbəsini əhatə edən geniş xidmət şəbəkəsi
sayəsində şirkət ölkə üzrə etibarlı və effektiv poçt xidmətlərinin
göstərilməsində mühüm rol oynayır.
Azərpoçt avtomatlaşdırma, rəqəmsallaşma və e-ticarət
logistikası sahəsində infrastrukturunu modernləşdirməyə davam edir.
Maliyyə xidmətləri, innovativ İT həlləri və beynəlxalq poçt
tərəfdaşlıqlarını inteqrasiya etməklə, şirkət Azərbaycanın müasir
və rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyən tammiqyaslı
logistika və maliyyə operatoruna çevrilir.

