
Bakı. Trend:
2026-cı il mayın 17-də Azərbaycan ərazisində 13-cü Ümumdünya
Şəhərsalma Forumu (WUF13) çərçivəsində yeni şəhər gündəliyi ilə
bağlı nazirlərin xüsusi yüksək səviyyəli iclası keçiriləcək.
Trend xəbər verir
ki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının xarici əlaqələr,
strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam
Yemeru Bakıda diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə
bildirib.
“Məhz burada üzv dövlətlərlə sıx əməkdaşlığa ümid edirik”, –
deyə o bildirib.
Yemeru eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun ən dinamik
məkanlarından biri olan, müxtəlif tərəfdaşlar, üzv dövlətlər və
qurumların müxtəlif məsələlər üzrə öz həllərini və nailiyyətlərini
nümayiş etdirə biləcəyi Urban Expo sərgisinin keçiriləcəyini
diqqətə çatdırıb.
O əlavə edib ki, WUF13 ərəsəfində Bakıda Şəhərsalma Həftəsinin
keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.

