
Bakı. Trend:
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan
arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini
təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və
mənəvi dəyərlər, adət-ənənələr birləşdirir:
“Prezident İlham Əliyevin Daşkənddə keçirilən Məşvərət görüşündə
iştirakı eyni zamanda Mərkəzi Asiya, həm Özbəkistanla strateji
münasibətlərin inkişafına mühüm töhf vermis olacaq. Azərbaycan hər
zaman ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına xüsusi
diqqət yetirib. Bu xüsusda Özbəkistanla əlaqələrin inkişafına mühüm
diqqət yetirir. Prezident İlham Əliyev Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində iki qardaş ölkə
arasında münasibətlərin inkişafına və gələcək perspektivlərinə
toxunaraq bildirdi ki, ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər,
dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir”.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin
son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli
münasibətlərin inkişafına böyük təkan verib:
“Azərbaycan–Özbəkistan münasibətləri qədim tarixi-mədəni
bağlılıqlardan qaynaqlanaraq bu gün strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. İki ölkə arasında əlaqələr yalnız diplomatik
münasibətlərin qurulması ilə məhdudlaşmır, iqtisadiyyatın müxtəlif
sahələrində birgə layihələr, ticarət dövriyyəsinin
genişləndirilməsi, nəqliyyat-logistika əməkdaşlığı, enerji və
sənaye sektorunda qarşılıqlı təşəbbüslər bu münasibətləri daha da
möhkəmləndirir. Bununla yanaşı, humanitar sahədə sıx əlaqələr,
mədəniyyət və təhsil mübadilələri, həmçinin beynəlxalq
platformalarda bir-birinə göstərilən ardıcıl dəstək iki ölkənin
strateji dostluğunu dərinləşdirir”.
A.Həsənova bildirib ki, Özbəkistanın Qarabağın bərpası prosesinə
göstərdiyi diqqət və yardım xüsusi vurğulanmalıdır:
“Füzuli şəhərində Mirzo Ulugbek adına 960 şagird yerlik müasir
məktəbin inşası Özbəkistanın Azərbaycana yüksək səviyyəli
həmrəyliyinin və qardaşlıq münasibətlərinin parlaq nümunəsidir. Bu
layihə təkcə təhsil infrastrukturuna töhfə deyil, həm də tarixən
bağlı olan xalqlarımız arasında mənəvi körpünü daha da
gücləndirir”.
Deputat əlavə edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq
təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyib, regional
və qlobal məsələlərdə mövqelərinin uyğunsuzluğu müşahidə
olunmayıb.
Onun sözlərinə görə, hər iki dövlət ortaq maraqlara əsaslanan bu
səmərəli əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək
niyyətindədir.

