
Dünyada hələ də təxminən 2.6 milyard insan internetə çıxış imkanına malik deyil.
“APA-Economics” xəbər verir ki, bunu Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
O bildirib ki, WTDC25-in məqsədi məhz belə insanların əlçatan və keyfiyyətli əlaqə imkanlarını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaqdır:
“Azərbaycan bütün ərazisində 100% genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir. Bu, bizim həm regionda nümunə olmağımızı, həm də qlobal səviyyədə təcrübəmizi paylaşmağımızı mümkün edir. Konfrans çərçivəsində 2026–2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və telekommunikasiya prioritetləri müəyyən ediləcək. Həmçinin, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinin rəqəmsal imkanlarının artırılması diqqət mərkəzində olacaq”
“WTDC25 həm də bilik və təcrübə mübadiləsi üçün unikal platformadır. Burada hökumət nümayəndələri, İKT sənayesinin liderləri və beynəlxalq təşkilatlar bir araya gələrək yeni texnologiyalar və qabaqcıl təcrübələri müzakirə edəcəklər. Bu, Azərbaycanın rəqəmsal imkanlarını artırmaq və regionda texnoloji liderlik mövqeyini gücləndirmək baxımından əvəzsiz bir fürsətdir”, – deyə nazir müavini əlavə edib.

