
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) Beynəlxalq Telekomunikasiya İttifaqına üzv dövlətlərdən 184 ədəd təşəbbüs daxil olub.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
O bildirib ki, iki həftə ərzində plenar görüşlərdə komitələrdə bu təşəbbüslər müzakirə olunacaqdır və tədbirin sonunda onlar təsdiqlənəcəkdir:
“Tədbirdə təxminən 2 500 qeydiyyat baş tutub. Bu rəqəm artıq Beynəlxalq Telekomunikasiya İttifaqı üçün tarixi bir rekord sayılır. Həmçinin 60-dan çox nazir və nazir müavini səviyyəsində rəhbər şəxslərinin iştirakı təsdiqlənmişdir”.
O qeyd edib ki, tədbirin 2 həftəlik proqramı qeyd etdiyim kimi kifayət qədər geniş və maraqlıdır: “Tədbirin plenar iclaslarında müzakirə olunacaq məsələlər hal-hazırda kifayət qədər aktual hesab olunur. İstər kiber təhlükəsizlik, istər süni intellektin inkişafı, süni intellektin etik istifadənin dəstəklənməsi, mobil və peyk rabitəsinin konvergensiyası, o cümlədən kiçik dövlətlər, kiçik ada dövlətləri, inkişaf etməkdə olan dövlətlərə, Beynəlxalq İKT cəmiyyətinin dəstəyini nəzərdə tutan müzakirələr olunacaqdır. Tədbir çərçivəsində növbəti dörd il üçün Beynəlxalq Telekomunikasiya İttifaqının dünya üzrə telekomunikasiyanın inkişafına dair proqramı, prioritetləri və istiqamətləri təsdiq olunacaq və həmçinin Bakı deklarasiyası ilə təsdiqlənəcəkdir”.

