
“Çinli turistlər üçün Azərbaycan Qafqaza açılan qapıdır”.
Bunu “APA-Economics”ə açıqlamasında Çinin “Suzhou Chine” turizm şirkətinin rəhbəri Fei Xin deyib.
O bildirib ki, Çin turistləri yeni ölkələri kəşf etməyə həvəslidir və Azərbaycan tarixi, mədəniyyəti və dənizkənarı mənzərələri ilə onlar üçün cəlbedici istiqamətdir. Fei Xinin sözlərinə görə, çinlilər Azərbaycanı çox vaxt Qafqaz regionuna – Gürcüstan və Ermənistana keçid üçün başlanğıc nöqtəsi kimi də görürlər.
Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanın Çində daha çox təqdimat və yolşoular (şəhər-şəhər keçirilən təqdimatlar) vasitəsilə tanıdılması turizm axınının sürətlə artmasına səbəb ola bilər. Onun fikrincə, gələn il çinli turistlərin sayının iki dəfə, növbəti illərdə isə daha yüksək templə artması real görünür.
Fei Xin vurğulayıb ki, “China Visitors Summit” Çin və Azərbaycan turizm şirkətləri arasında əməkdaşlıq üçün mühüm körpü rolunu oynayır.

